Komitə sədri: "İnsanların ailə daxilində zorakılığa məruz qalması qəbuledilməzdir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

© APA | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

# 03 sentyabr 2021 17:47 (UTC +04:00)

“İnsanlar onlara ən doğma məkanda təzyiqə məruz qalmamalıdır. Bu, istər uşaq, istər qadın, istər kişi olsun. Ailə bizim qalamızıdır. Ailə kənar təhlükələrə bağlı olmalıdır. İnsanların ailə daxilində zorakılığa məruz qalması qəbuledilməzdir”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər məişət zorakılığı ilə bağlı cinayətlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, müvafiq qurumlar da bu sahədə öz fəaliyyətini həyata keçirməlidir: “Bu sahə müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, medianın diqqətindədir. Bizim komitə də öz səlahiyyətləri çərçivəsində proseslərin içərisindədir. Biz preventiv tədbirlərin görülməsinə, həssas ailələrin daim diqqətdə saxlanılmasına, baş verəcək bu cür hadisələrin qarşısının alınmasına yönələn tədbirlərin keçirilməsinə daha çox üstünlük veririk. Bir həqiqət də var ki, cəmiyyətdə bu kimi məsələlərə münasibət heç də bütün ailələrdə eyni deyil. İnsanlar əksər hallarda bu kimi cinayətlərin baş verməsinə səbəb olan hadisələri gizli saxlayırlar. Belə hadisələr haqqında məlumat yalnız çox ağır nəticələr olduğu halda ictimaiyyətə açıqlanır”.

Komitə sədri qeyd edib ki, məişət zorakılığı ilə bağlı statistikada artım o qədər də böyük deyil: "Sadəcə pandemiya dövrünün əlamətləri kimi bütün dünyada belə hallar müşahidə olunur. Üstəlik müharibənin gərginliyini keçirən insanların müharibə sonrası ortaya çıxan vəziyyətinin burada rolu var. Bir də ki, cəmiyyət belə məsələləri müzakirə etdiyi üçün bir hadisə ən müxtəlif yönlərdə müzakirə olunur, ona görə belə bir təəssürat formalaşır. Amma istənilən halda bir zorakılıq aktı varsa, bir insan bundan həyatını itiribsə, cəmiyyət olaraq bunu qəbul etməməliyik. Buna səbəb olan, bəzən dəyər adlandırdığımız, mentalitet adlandırdığımız mənfi stereotipləri aradan qaldırmağa hazır olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR