Məcburi müalicə təyin edilmiş şəxslər barədə məhkəmə qərarına nəzarət qaydaları müəyyənləşib

Məcburi müalicə təyin edilmiş şəxslər barədə məhkəmə qərarına nəzarət qaydaları müəyyənləşib
# 19 noyabr 2021 15:46 (UTC +04:00)

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bununla bağlı Baş nazir qərar imzalayıb.

Məcburi müalicə təyin edilmiş şəxs barədə məhkəmə qərarının icraata qəbul edilməsi, icrası və onun tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili qaydalarına əsasən, məcburi müalicənin təyin olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti icra olunması üçün İxtisaslaşdırılmış Tibb Müəssisəsinə (İTM), habelə məcburi müalicə təyin edilmiş 4 şəxsin yaşayış yeri üzrə yerli probasiya qurumuna göndərilir. Məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi İTM-ə təhvil verilir və bu barədə polis orqanı tərəfindən yerli probasiya qurumu məlumatlandırılır. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərə münasibətdə müvafiq məhkəmə qərarı, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində məcburi müalicə təyin edilmiş şəxslərə münasibətdə isə məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə yerləşdirilməsi ilə bağlı polis orqanının məlumatı yerli probasiya qurumuna daxil olduqdan dərhal sonra bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq yerli probasiya qurumuna göndərilən məhkəmə qərarının tələblərinin yerinə yetirilməsi üzrə nəzarətin həyata keçirilməsi üçün həmin məhkəmə qərarı təxirəsalınmadan yerli probasiya qurumunda icraata qəbul edilir.

Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikasının ərazisində - Muxtar Respublikanın Ədliyyə Nazirliyinin) möhürü ilə təsdiqlənmiş “Məcburi müalicə təyin edilmiş şəxsin qeydiyyatı kitabı”nda (1 nömrəli əlavə), həmçinin elektron qaydada şəxsin qeydiyyatı aparılır. Nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarı yerli probasiya qurumunda icraata qəbul edildiyi vaxtdan 3 gün müddətində məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açır. Nəzarət işində olan bütün sənədlər ardıcıllıqla tikilir və nömrələnir. Nəzarət işində olan bütün sənədlərin siyahısı həmin işə əlavə edilir. Nəzarət işinin nömrəsi bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qeydiyyat kitabındakı sıra nömrəsi ilə eyni olmalıdır. İcra məmuru məcburi müalicə təyin edilmiş şəxs barəsində nəzarət işi açıldıqdan sonra 3 gün müddətində bununla bağlı qərar çıxarmış məhkəməyə məlumat verir. Nəzarət işinin aparılması zamanı məcburi müalicə təyin edilmiş şəxs haqqında məlumatların, o cümlədən fərdi məlumatların konfidensiallığı təmin olunmalıdır. Məcburi müalicə təyin edilmiş şəxs İTM-ə qəbul edildikdən sonra icra məmuru təxirəsalınmadan müəssisədə həmin şəxslə ilkin söhbət aparır, barəsində olan məhkəmə qərarının tələblərini nəzərinə çatdırır, ona məsuliyyətini, vəzifə və hüquqlarını izah edir və bu barədə akt tərtib edir. İTM həmin müəssisədə tətbiq edilən buraxılış rejimi nəzərə alınmaqla icraatında nəzarət işi olan icra məmurunun müalicə keçən şəxslə görüşməsi məqsədilə müəssisəyə buraxılmasını təmin edir.

Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru aşağıdakı səlahiyyətləri həyata keçirir:

-azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsin polis əməkdaşları tərəfindən müəssisəyə təhvil verilməsində iştirak etmək;

-məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 3 ayda bir dəfədən az olmayaraq İTM-ə baş çəkmək, həmin şəxslə, İTM-in rəhbərliyi və müalicə həkimi ilə görüşüb söhbətlər aparmaq və bu barədə protokol tərtib etmək, habelə ayda bir dəfədən az olmayaraq İTM-in rəhbərliyi və ya müalicə həkimi ilə əlaqə saxlayaraq məhkəmə qərarının icrası və məcburi müalicə təyin edilmiş şəxsin vəziyyəti barədə məlumat almaq və bu barədə protokol tərtib etmək;

-məcburi müalicə təyin edilmiş şəxsin məcburi müalicə ilə bağlı ərizə və şikayətlərini qəbul etmək, həmin müraciətlər üzrə müvafiq tədbirlər görmək;

- məcburi müalicə təyin edilmiş şəxs barəsində məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, bu məqsədlə İTM-dən zəruri məlumatları sorğu vasitəsilə əldə etmək;

- məcburi müalicə təyin edilmiş şəxsin İTM-ə qəbulu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın 2.6-cı bəndinə uyğun olaraq İTM-dən qısamüddətli çıxmasına icazə verilməsi, habelə şəxsin müalicədən boyun qaçırması, müəssisədən qaçması və ya digər hüquq pozuntusuna yol verməsi halları barədə dərhal məlumat almaq, müəssisədən qaçmış və olduğu yer məlum olmayan həmin şəxsin axtarışı ilə bağlı bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş tədbirlər görmək;

- məcburi müalicə təyin edilmiş şəxs müalicə müddətində inzibati xəta törətdikdə inzibati xətaya baxmaq səlahiyyəti olan orqana, cinayətin əlamətlərini əks etdirən əməllər törətdikdə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına) məlumat vermək;

- bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən hallarda nəzarət işi üzrə icraatı dayandırmaq və müvafiq hallar aradan qalxdıqda icraatı təzələmək;

- məcburi müalicə ləğv edildikdə və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edildikdə nəzarət işinə xitam vermək və bu barədə səlahiyyətli məhkəməni məlumatlandırmaq.

Məcburi müalicə təyin edilmiş şəxs üzərində nəzarəti həyata keçirən icra məmuru məhkəmə qərarının tələblərinin pozulmasını, habelə məcburi müalicə təyin edilmiş şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və hərəkətsizliyin baş verməsini aşkar etdikdə, cinayətin əlamətlərini əks etdirən əməllər haqqında cinayət prosesini həyata keçirən orqanlara (təhqiqat, istintaq və ya prokurorluq orqanlarına), digər hüquq pozuntularına yol vermiş İTM əməkdaşları barəsində isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verməyə və bu barədə bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş protokolda qeyd aparmağa borcludur. İcra məmuru aşağıdakı hallarda müalicə təyin edilmiş şəxs üzərində nəzarət işi üzrə icraat icra məmurunun yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərarı ilə dayandırır:

- məcburi müalicə təyin edilmiş şəxs barəsində həbs qətimkan tədbiri seçildikdə;

-məcburi müalicə təyin edilmiş şəxsin olduğu yer müəyyən edilmədikdə

- şəxsin axtarışı haqqında məhkəmənin qərarı olduqda;

- məcburi müalicə təyin edilmiş şəxs ölkə hüdudlarından kənarda olduqda.

Bu Qaydanın 5.1.1-5.1.3-cü yarımbəndlərində göstərilən hallar aradan qalxdıqda nəzarət işi üzrə icraat icra məmurunun yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərarı ilə təzələnir. Məcburi müalicə təyin edilmiş şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə nəzarət işi məcburi müalicənin davam etdirilməsi məqsədilə məhkumun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə göndərilir. İcra məmuru aşağıdakı hallarda məcburi müalicə təyin edilmiş şəxsi qeydiyyatdan çıxararaq nəzarət işi üzrə icraata xitam verilməsi barədə yerli probasiya qurumunun rəhbəri tərəfindən təsdiq edilən qərar qəbul edir və bu barədə qərarı qəbul etmiş məhkəməyə məlumat verir:

-məcburi müalicənin ləğv edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

-məcburi müalicə təyin edilmiş şəxs İTM-də qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda onun məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

- məcburi müalicə təyin edilmiş şəxs öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə.

Məcburi müalicə təyin edilmiş şəxs qeydiyyatdan, bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qeydiyyat kitabında zəruri qeydlər aparılmaqla çıxarılır və bu barədə qərar çıxarmış məhkəməyə məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR