Millət vəkili şəhid ailələrinin işlə təmin edilməsi ilə bağlı monitorinq aparılmasını istəyir

Deputat Qənirə Paşayeva

© APA | Deputat Qənirə Paşayeva

# 21 may 2021 16:19 (UTC +04:00)

“Şəhid ailələrinin işlə təmin edilməsi ilə bağlı monitorinq aparılmasına çağırıram. Hansı rayonda nə qədər şəhid ailələrinin işlə təmin edilməsi açıqlansın, nə qədəri təmin olunmayıbsa, bunun səbəbinə aydınlıq gətirilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, ikinci problem qazilərlə bağlıdır: “Bir qaziyə 50 km uzaqda, yol puluna kifayət edəcək qədər maaşlı iş təklifi etməklə iş bitmir. Dorudur, onların məşğulluğu ilə bağlı işlər görülür, amma rayonlarda icra hakimiyyəti strukturlarına, iş adamlarına bu çağırışı etmək istəyirəm. Şəhid ailələrimizin, qazilərimizin işlə təmin olunması bizim üçün ən vacib məsələdir. Hansı rayonda buna az əməl edilirsə, ciddi xəbərdarlıq edilməli, tədbir görülməlidir”.

Deputat Musa Quliyev isə cavabında bildirib ki, problem söyləyərkən görülən işləri də xatırlatmaq lazımdır: “I və II Qarabağ şəhidi anlayışı yoxdur. Qanunda şəhid ailəsi var. Qanunda, qərarda onlar bərabərdir. 2014-cü ilə qədər növbəyə duran bütün Qarabağ şəhid ailələri və qaziləri mənzillə təmin olunub. 2014-cü ildən bu yana növbəyə duranlar isə yaxın 4 il ərzində mənzillə təmin olunacaqlar. Bu il 5000 mənzil, hansı ki, məcburi köçkünlər üçün tikilmişdi, həmin mənzillər də 44 günlük Vətən müharibəsində iştirak edən şəhid ailələrinə və qazilərə verilir, proses başlayıb. Qənirə xanımın qaldırdığı şəhid ailələri və qazilərin məşğulluğu problem var. Bu il 16 min insanın məşğulluğa cəlb olunması nəzərdə tutulur ki, onlardan 8 mini şəhid ailələrinin üzvləri və qazilər olunacaq. Nazirlər Kabineti də bununla bağlı işlər görür. Bu ilin sonuna kimi bu problemlər həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR