MM-in payız sessiyasında şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bəzi qanunlara dəyişikliklər gözlənilir

Musa Quliyev

© APA | Musa Quliyev

# 04 sentyabr 2021 12:54 (UTC +04:00)

Milli Məclisin Əmək və sosial siyasət komitəsi 2021-ci ilin payız sessiyasının qanunvericilik işlər planına iki qanun layihəsi təklif edəcək.

Bu barədə APA-ya açıqlamasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri deyib ki, 2021-ci ilin yaz sessiyasının qanunvericilik işlər planında qalan “Turizm haqqında” qanun layihəsini bu sessiyada müzakirəyə çıxarmağı nəzərdə tuturlar: “Bu layihə Prezident Administrasiyasında və müvafiq icra orqanlarında da müzakirə olunur, bu layihəni parlamentin bu sessiyasında qəbul etməyi düşünürük. Həmçinin, “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin bu sessiyada qanunvericilik işləri planına daxil edəcəyik. Eyni zamanda sessiya dövründə müvafiq qurumlardan gələcək qanunlara əlavə və dəyişikliklər də müzakirə olunacaq”.

Komitə sədri qeyd edib ki, bu sessiyada da şəhid ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bəzi qanunlara əlavə və dəyişikliklər gözlənilir: “Sosial sifarişlər əsasında yenə də qanunlara dəyişikliklər müzakirə olunacaq. Ötən sessiyada komitə olaraq, əlilliklə, pensiya təminatıyla, Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilərin sosial vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı qanunlara dəyişikliklər etdik. Bunların hamısı vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən dəyişikliklərdir. Bu sessiyada hələ əlimizdə tam materiallar yoxdur, amma müvafiq qurumlarla bu məsələlər üzərində işləyirik. Yəqin ki, oktyabr, noyabr aylarında bu layihələr parlamentdə müzakirəyə çıxarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR