Nazir müavini: "250-yə yaxın dağ kəndinin qazlaşdırılması üçün proqram hazırlanır"

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

© APA | Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

# 16 oktyabr 2021 15:10 (UTC +04:00)

"Dağlıq ərazilərdə qazlaşmayan 450-yə yaxın kənd və qəsəbə var. Onların 250-yə yaxını magistral qaz xətlərindən o qədər də uzaq deyil".

Bunu APA-ya açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR və "Azəriqaz" rəhbərliyi ilə bir neçə görüş olub: "2022-2026-cı illər üçün 5 illik proqram hazırlanır. Proqram artıq ilkin müzakirələrdən keçib. Növbəti dövrdə 5 illik proqramı həyata keçirə bilsək, bu, həm meşədən istifadədə təzyiqləri azaldacaq, həm də odun tədarükümüzdə daha operativ olmağımıza səbəb olacaq".

Nazir müavini deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq əhalinin, xüsusilə də qazlaşmayan yaşayış məskənlərindən olan əhalinin, o ərazilərdə olan bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin, hərbi hissələrin odun yanacağı ilə tədarükü öhdəlikləri var: "Meşə imkanları məhduddur, ümumilikdə oduncaq verimlilik qabiliyyəti 64 kubmetr hesablanır. Real tələb isə bundan 2-3 dəfə artıqdır. Əsas diqqət yetirdiyimiz əhalinin, sonra isə təhsil müəssisələrinin odunla tədarüküdür. Elə dağ kəndləri var ki, onların digər enerji mənbələrinə əlçatanlığı çox məhduddur. Ötən il pandemiya ilə əlaqədar tətbiq olunan sərt karantin rejiminin tətbiqi ilə əlaqədar bu il təhsil müəssisələrinin odun tədarükü nisbətən sabitdir. Keçən il verdiyimiz odunla anbarlarda qaldığı üçün bu il az miqdarda odun veririk. Artıq nəzərdə tutulan tədarükün 75 faizi həyata keçirilib. Dekabrın əvvəlinə qədər əhali 100 faiz, müəssisələrin isə 80-85 faizinin odun tədarükünü başa çatdırmağı düşünürük".

V.Kərimov əlavə edib ki, meşələrdə bokonyerlik son 3 ildə azalan istiqamətdədir: "2018-2021-ci illəri müqayisə etsək brokonyerlik azalıb, amma yenə də var. Bu cür neqativ hallara qarşı mövqeyimiz sərtdir. Bu cür şəxslər cəzalanır, cərimələnir, bir çox hallarda dəymiş ziyanla bağlı sənədlər toplanır və hüquq-mühafizə orqanlarına təqdim olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR