Nazir müavini Kürdə suyun səviyyəsinin düşməsi və duzlaşmasının səbəbini açıqlayıb

Nazir müavini Kürdə suyun səviyyəsinin düşməsi və duzlaşmasının səbəbini açıqlayıb
# 21 sentyabr 2021 12:44 (UTC +04:00)

Bu gün Nazirlər Kabinetində ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiyanın növbəti iclası keçiriləcək.

Bunu APA-ya açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə keçiriləcək iclasda Kür çayındakı vəziyyət, Neftçala rayonunun su təminatı müzakirə olunacaq.

V. Kərimov deyib ki, Kür çayının aşağı axarında suyun duzlaşması çayda suyun azalması ilə birbaşa bağlıdır: “Səbəb isə iqlim dəyişikliyidir. Yağış az yağır, Kürdə suyun səviyyəsi düşür. Hakim şimal küləkləri də güclü olanda Kür çayının yatağına Xəzər dənizinin dolması baş verir. Bəzi hallarda 15, hətta 20 kilometrə qədər məsafədə Kür çayında suyun duzlaşması qeydə alınır. Son 2 ildə bu problem daha aktualdır. Bunun qarşısının alınması ilə bağlı bu gün Şahin Mustafayevin sədrliyi ilə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə iclas keçiriləcək, mən də o iclasda iştirak edəcəm”.

Nazir müavini Kür çayının aşağı axarında suyun duzlaşmasının Bakının su təminatına problem yaratmadığını qeyd edib: “Bakının su təminatı ilə bağlı böyük işlər görülüb. Bakının içməli su ilə təminatında böyük problemlər yoxdur, lokal problemlər isə hər zaman olub, olacaq. Kür çayının aşağı axarında suyun duzlaşması, əsasən, Neftçala, qismən də Salyan rayonu ərazisində problemlər yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR