Ötən il II qrupa qəbul olanlar arasında zəif hazırlıqlı abituriyentlər çoxalıb

Ötən il II qrupa qəbul olanlar arasında zəif hazırlıqlı abituriyentlər çoxalıb
# 23 iyun 2021 15:13 (UTC +04:00)

Müəyyən bir ixtisasın və həmin ixtisasın tədris olunduğu təhsil müəssisəsinin nüfuzundan asılı olaraq ixtisaslar üzrə müsabiqə vəziyyəti fərqli olur.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, son illərdə abituriyentlər topladıqları balları öyrəndikdən sonra ixtisas seçir və nəticədə yüksək nüfuza malik olan ixtisasları öz ərizələrində yalnız yüksək bal toplamış abituriyentlər qeyd edirlər. Nəticədə, bu cür ixtisaslar üzrə müsabiqə vəziyyəti yüksək olduğu üçün keçid balları və orta ballar da yüksək olur.

I ixtisas qrupu üzrə Bakı Ali Neft Məktəbi (658.839), ADA Universiteti (602.885), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (574.377), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (571.151), II ixtisas qrupu üzrə ADA Universiteti (513.391), III ixtisas qrupu üzrə Milli Aviasiya Akademiyası (600.907), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (598.652), ADA Universiteti (580.735), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (565.141), IV ixtisas qrupu üzrə isə Azərbaycan Tibb Universitetinin (569.129) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.

Yüksək hazırlıqlı abituriyentlərin Bakı Ali Neft Məktəbinə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, ADA Universitetinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına meyil və marağı olduqca böyükdür. Özəl ali təhsil müəssisələri arasında yüksək hazırılıqlı abituriyentlər Xəzər Universitetinə üstünlük verirlər. Ötən il bu universitetin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri I qrup üzrə 459.558, II qrup üzrə 335.947, III qrup üzrə 384.276 və IV qrup üzrə 386.525 bal olub. Xəzər Universiteti istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri aşağı olub.

I ixtisas qrupu üzrə Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.), Bakı Avrasiya Universiteti, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "Naxçıvan" Universiteti (Naxçıvan ş.), Qərbi Kaspi Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Kooperasiya Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.), Bakı Biznes Universiteti, "Odlar Yurdu" Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Avrasiya Universiteti, IV ixtisas qrupu üzrə Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), “Odlar Yurdu” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texnologiya Universitetinin (Gəncə ş.) ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri 250-dən aşağı olub. Ümumiyyətlə, əvvəl də qeyd etdiyimiz kimi, II ixtisas qrupunda plan yerlərinin çox, ərizələrin isə az olması nəticəsində bu qrupa daxil olan ixtisaslar üzrə müsabiqə vəziyyəti çox aşağı olub və nəticədə II qrupda qəbul olanlar arasında zəif hazırlıqlı abituriyentlər çoxalıb.

V ixtisas qrupu üzrə orta bal göstəricisi yüksək olan ali təhsil müəssisələri kimi Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetini qeyd etmək olar. Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti üzrə orta bal göstəricisi müvafiq olaraq 190.722 və 185.303 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR