Böyük Britaniya dövlətə qarşı təhdidlərlə mübarizəyə “Soyuq müharibə” dövründə olduğundan daha çox resurs sərf edir.
BBC-nin xəbərinə görə, bunu Britaniyanın əks-kəşfiyyat xidməti - MI5-in rəhbəri Ken Makkallum deyib.
O, Rusiyanı “birinci aqressor ölkə” olaraq adlandırıb.
Makkallumun sözlərinə görə, Rusiya Qərbə qarşı hibrid müharibəni ehtiyatla aparır və kollektiv NATO cavabından yayınmağa çalışır.
“Rusiyanın bu xətti keçməsi axmaqlıq olardı”, - o qeyd edib.
Makkallum əlavə edib ki, Britaniyada olan Rusiya agentlərinin aşkarlanaraq ölkədən qovulması Kremli təxribatçı hücumlar üçün proksilərə pul ödəməyə möhtac edib.
“Ukraynanın işğal edilməsindən bəri təxminən 1000-ə qədər casus ifşa olunaraq ölkədən qovulub və beləliklə, Rusiyanın ənənəvi gizli əməliyyatlar üçün imkanları zəifləyib. Buna görə də onların cinayətkarlara pul ödəmək qarşılığında öz işlərini gördürdüyünü müşahidə edirik”, - Ken Makkallum qeyd edib.
O, İranın da Britaniyaya hibrid hücumlarının artdığını əlavə edib. Belə ki, ötən il İranla bağlı fəaliyyətlərlə əlaqəli 50 həbs faktı olub.