Parlamentdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib

Parlamentdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib
# 30 noyabr 2021 14:01 (UTC +04:00)

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə iclasında “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib.

APA-nın məlumatına görə, dinləmədə parlament sədrinin müavini Adil Əliyev, komitə sədrləri Hicran Hüseynova və Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov, ƏƏSMN Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev, Ombudsman Aparatının Hüquq maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və digərləri iştirak edib.

Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb və bildirib ki, bu mübarizə çərçivəsində maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir: “Məktəblərdə, mətbuatda narkomaniya ilə mübarizə üçün görülən işlərin genişləndirilməsinə ehtiyac var. Sənədli filmlərin hazırlanıb mətbuatda yayımlanması, maarifləndirmənin əhatə dairəsinin genişləndirilməsi, sosial şəbəkələrdə qısa videoçarxların hazırlanıb paylaşılması narkomaniya ilə mübarizəyə dəstək verə bilər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ailə sağlam olmasa, cəmiyyət də sağlam olmaz. Ailənin sağlamlığının qorunması üçün sosial, iqtisadi tibbi sahələrdə olan problemlər həll edilməli və ailəyə dəstək verilməlidir.

O bildirib ki, narkomaniyaya qarşı mübarizə hər zaman olub: “Din sahəsində bu istiqamətdə müqəddəs kitablarda da qeydlər var. Bu istiqamətdə ən düzgün mübarizəyə inam və inandırmaqla nail ola bilərik. Bütün dinlərə aid olan kitablarda uyuşduruculara qarşı çıxışlar olub. Narkomaniyaya ilə mübarizə ümümbəşəri xarakter daşıyır”.

Deputat Rəşad Mahmudov bildirib ki, dünyada hər bir ölkə üçün mübarizə aparılması çox çətin olan problemlərdən biri də narkomaniya ilə mübarizədir. Onun sözlərinə görə, regionumuz da bu bəladan əziyyət çəkən regiondur: “Beynəlxalq təşkilatlar da bu problemlə mübaruzədə fərqli mübarizə üsullarından istifadə edir. Amma bu gün biz hamımız rəqəmlıərlə qarşıısnda acizləşirik”.

R. Mahmudov konkret problemin həlli üçün pilot layihə hazırlanmasını təklif edib: “Ölkəmizin bir regionunda bu problemin həlli üçün nə edə bilərik, ona baxaq. Rayonda gənclər deyir ki, narkomaniya ilə mübarizədə alternativlərimiz çox azdır”.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova beynəlxalq təcrübədə narkotik istifadəçilərinə pasiyent, xəstə kimi yanaşıldığını bildirib: “Bizdə isə onlara daha çox pozuntu törədən şəxs kimi baxılır. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır”.

H. Hüseynova bu məsələdə mövcud olan dövlət proqramlarının daha da təkmilləşdirilməsinə, işlkliyinin təmin edilməsinə ehtiyac olduğunu deyib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə narkomaniya ilə mübarizə çərçivəsində tibbi sahədə aparılan işlərdən və çatışmazlıqlardan danışıb. O, tibb sahəsində görüləcək işlərlə bağlı təkliflər verib.

Tədbirdə iştirak edən hökumət nümayəndələri isə öz sahələrində narkomaniya ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb, deputatların sual və təkliflərinə cavab veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR