Penitensiar xidmətdə Anım Günü qeyd olunub

Penitensiar xidmətin Mühafizə Alayında Anım Günü qeyd edilib

© APA | Penitensiar xidmətin Mühafizə Alayında Anım Günü qeyd edilib

# 27 sentyabr 2021 17:16 (UTC +04:00)

Anım Günü ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətində də silsilə tədbirlər keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Penitensiar xidmət rəhbərliyinin və ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsində döyüşmüş 20 əməkdaşın iştirakı ilə Baş idarədə görüş keçirilib. Şəhidlik zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən, tarixi ədalətin bərpa edilməsindən danışıb. Diqqətə çatdırılıb ki, Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, həmçinin arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Bildirilib ki, 27 sentyabr tarixinin Azərbaycanda Anım günü kimi qeyd edilməsi şəhidlərimizin müqəddəs ruhuna ehtiramın və qazilərimizin şücaətinə verilən dəyərin bariz nümunəsidir.

Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına baş çəkərək müharibədə həlak olmuş igid oğullarımızın əziz xatirələrini yad ediblər.

Silsilə tədbirlər çərçivəsində Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin qarşısındakı parkda Xidmət əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib, 1000-dən çox şam ağacı əkilib.

Anım günü ilə əlaqədar cəzaçəkmə müəssisələrində yerləşən məscidlərdə canını qurban vermiş şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrələri təşkil olunub.

Penitensiar xidmətin Mühafizə Alayında da 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Alay komandanlığı, müharibə iştirakçıları, döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərin valideynləri, həmçinin Mühafizə Alayında xidmət keçən şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yolundan danışıb, şəhid valideynləri övladları ilə bağlı xatirələrini bölüşüblər.

Daha sonra şəhid ailə üzvləri olan və hazırda Mühafizə Alayında həqiqi hərbi xidmət keçən 17 əsgərə Alay komandiri tərəfindən fəxri fərmanlar təqdim edilib.

Sonda Birinci Qarabağ müharibəsində həlak olmuş Alay əməkdaşlarının və əsgərlərinin əziz xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulmuub və xatirələri anılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR