"Planetimizi sağaldaq" mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Planetimizi sağaldaq" mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

© APA | "Planetimizi sağaldaq" mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi

# 08 iyun 2021 15:53 (UTC +04:00)

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş "Planetimizi sağaldaq" mövzusunda rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Siyasi, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Zoltan Szalai iştirak ediblər.

Tədbirdə çıxış edən R.Hacıyev vurğulayıb ki, hər il ətraf mühit günü qeyd edilir. Bu məqsədlə maarifləndirmə tədbirləri keçirilir: "Ölkəmiz üçün ekologiya və ətraf mühit məsələləri daim diqqət mərkəzindədir. Bunlar strateji sənədlərdə, eləcə də görülən işlərdə özünü göstərir. Son zamanlar kəskinləşən iqlim dəyişiklikləri və pandemiya təbiətə münasibəti bir daha nəzərdən keçirməyi şərtləndirib. Hazırda üzləşdiyimiz ekoloji problemlər uzun illər əvvəl olub. Biz zamanı geri qaytara bilmərik. Şəraiti yaxşılaşdırmaqla, tullantıları çeşidləməklə, sudan səmərəli istifadə etməklə təbiətimizi bərpa edə bilərik. Bu işlərə hər birimiz ailədən başlamalıyıq".

Daha sonra çıxış edən BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist günün əhəmiyyətindən danışıb: “Qarşımızda böyük iş dayanır. Biz öz meşələrimizi bərpa etməli, çay və okeanlarımızı təmizləməli, şəhərlərimizi daha da yaşıllaşdırmalıyıq. Mənə elə gəlir ki, hamımızın üzərinə iş düşür". O qeyd edib ki, müsabiqəyə 200-ə yaxın rəsm təqdim olunub.

Zoltan Szalai isə bildirib ki, Aİ dünya miqyasında 2050-ci ilə qədər atmosferə buraxılan karbon emisiyalarının miqdarını sıfıra endirmək niyyətindədir. Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla əməkdaşlığı var. Su, ətraf mühit, ekologiyaya aid digər sahələrdə əməkdaşlıq üçün şərait yaradılıb.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Qeyd edək ki, rəsm müsabiqəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “EU4Climate” layihəsi çərçivəsində təşkil olunub.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR