Prokurorluq: “COVİD-19” testinin nəticələrinə dair sənədləri saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Prokurorluq: “COVİD-19” testinin nəticələrinə dair sənədləri saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

© APA | Baş Prokurorluq

# 30 iyul 2021 10:48 (UTC +04:00)

Əhalinin sağlamlığının qorunması, “COVID-19” pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması, pandemiyanın insanların gündəlik həyat və rifahı üzərində mənfi təsirinin azaldılması məqsədilə ölkə miqyasında həyata keçirilən çoxşaxəli tədbirlərə baxmayaraq, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə etməklə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumata görə, belə tədbirlərdən biri kimi “ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR