Son bir ayda Bakıda 12 marşrut xətti "BakıKart"a inteqrasiya edilib

Son bir ayda Bakıda 12 marşrut xətti "BakıKart"a inteqrasiya edilib
# 01 iyun 2021 15:24 (UTC +04:00)

Sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

02.06.2021-ci il tarixindən 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə Sergey Yesenin döngə 2, Baba Əliyev 244, Yesenin 62, Mərdəkan 152, Qılman İlkin küç., Zuğulba - Həydər Eyvazov küçəsi 1A, Buzovna qəs – Şüvəlan yolu, Mustafa Sübhi 2, Rasim İmanov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Bu, son bir ayda "BakıKart"a inteqrasiya edilən 12-ci marşrut xəttidir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR