STM Idarə Heyətinin sədri “Tarixi Yaddaş Mərkəzi” yaradılmasını təklif edib

Zahid Oruc,  Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

© APA | Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

# 28 sentyabr 2021 12:26 (UTC +04:00)

“Memorial.az” yaddaş kitabı şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir”.
APA-nın məlumatına görə, bunu memorial.az saytının təqdimatında Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, 2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladları var: “Dünən Bakının baş meydanında prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər. Ali Baş Komandanın və hörmətli Mehriban xanımın ordumuzla çiyin-çiyinə addımlaması, onların qürur və itkisini qəlbən yaşamaları, analara ürək söykəyən Birinci xanımın sonsuz mərhəmət hissi əsil dövlət, ailə və nəciblik nümunəsidir. Biz döyüş meydanlarında canını verən oğulları anarkən, Gəncə və Bərdəyə, Tərtər və digər şəhərlərə vurulan zərbələrə sinə gərənləri də eyni ehtiramla anırıq. 27 sentyabr 2020-ci il tarixi milli səfərbərliyin ən yüksək zirvəsi, xalqımızın çoxəsrlik arzularının gerçəkliyə çevrildiyi dönüş anıdır. Dünyanı və regionumuzu dəyişdirən 44 günün əks-sədası hələ uzun sürəcək. Azərbaycanın hərbi Zəfəri dünyada ədalət istəyən hər bir xalqın və dövlətin qələbəsidir. Eləcə də, Birinci şəxsin diplomatik, siyasi, informasiya səngərində savaşı, xüsusilə dünən olduğu kimi xalqa müraciətləri dünyada müharibə liderliyini öyrənənlər üçün qiymətli mənbə olacaq”.
Parlamentin komitə sədri qeyd edib ki, Azərbaycan xalqı döyüş meydanlarında bir qüvvəni-erməni faşizmini məğlub etdi: “Eyni zamanda xalqımızın II Qarabağ müharibəsindəki qəhrəmanlığının dərin tarixi kökləri var. İki dəfə Fəxri legionçu adını almış Əliağa Şıxlinskidən ikiqat Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovadək, düşmən qarşısında məğrur dayanan Şirin Mirzəyevdən yenilməz Polad Həşimovadək, başını dik tutan Əliyar Əliyevdən göylər qartalı Zaur Nudirəliyevə qədər hamısı vahid bir xalqın ümumiləşmiş obrazıdır. Birinci Qarabağ müharibəsinin simaları, 2016-cı ilin aprel döyüşünün abidəyə çevrilən böyük adları, ən nəhayət, 8 noyabr Zəfərini yaradan və yazan oğullar bir millətə və dövlətə mənsubdur. 8 noyabr həm də yeni müstəqillik günümüzdür. Çünki Azərbaycan xalqı öz azadlığını tam ərazi bütövlüyü çərçivəsində elan edə bilməmişdi”.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri bildirib ki, döyüş meydanlarında qazandığımız qələbəni mənəvi, siyasi, informativ və digər platformalarda oğurlamağa cəhd edirlər: ‘Qalibiyyət tarixi “yaddaş siyasəti” ilə qorunub hifz olunur. Ona görə də müharibələrin xalqın mənəvi-siyasi kimliyinə göstərdiyi misilsiz təsir gücünü nəzərə alan dövlətlər tarix, anım, hərbi qələbələrin daşlaşdırılması və gələcək nəsillərə ötürülməsini bir nömrəli məsələyə çevirir. İndi yaradılan elektron resurs bu yöndə xeyirxah təşəbbüsdür. Zəfər tariximizin yüz illər sonrakı gələcəyimiz üçün yaddaşlara yazılması ilə bağlı Prezidentin çağırışına cavab olaraq “Tarixi Yaddaş Mərkəzi”nin yaradılması da məqsədəuyğun olar. Azad olunmuş torpaqlarda yaddaş məkanlarının seçilməsi də müstəsna əhəmiyyət kəsb edir. Prezidentin Şuşada hər daşa, abidəyə tarixin yadigarı kimi həssas münasibəti təkcə Vaqifin, Üzeyirin, Bülbülün öz mərtəbələrinə qayıdışı deyil, itirilmiş tariximizin bərpası deməkdir. Şəhidlər bizim bu torpaqda yaşamaq, yaratmaq haqqımızı, azərbaycanlı adlanmaq, bu adla və soyadla tanınmaq hüququmuzu gerçəkləşdirdlər. Ona görə də biz qəhrəman oğulları unuda bilmərik. İnanırıq ki, hər bir azərbaycanlı Zəfərimizin möhkəmləndirilməsi, onun yeni hədəflərə çatmasında Vətən müharibəsi şəhidlərini özünə ideal seçəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR