Sumqayıtda əməyin təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib - FOTO

“Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə

© APA | “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə

# 23 noyabr 2021 14:57 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, seminar-müşavirə təhlükə potensiallı sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə FHN Mərkəzi Aparatının, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin, Sumqayıt Regional Mərkəzinin məsul əməkdaşları, Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

Seminar-müşavirəni açan FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Rəis müavini sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb, sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov, Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi Eldar Əhmədov, Kimya, neft-kimya və neftqaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eltun Həsənov, Təhlükə potensiallı obyektlərin dövlət reyestri şöbəsinin müdiri Namik İsmayılov “Sumqayıt Lift Servis” İB-nin direktoru Cümşüd İsmiyev, “SOCAR Karbamid” zavodunun SƏTƏMM və Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi Mirsadiq Seyidov, “Azərsun Holdinq” MMC-nin SƏTƏMM departamentinin rəisi Fəxrəddin Kərimbəyli, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin SƏTƏMM departamentinin rəisi Rauf Mirrəşidli, “SOCAR Polimer” zavodunun ətraf mühit üzrə böyük mütəxəssisi Nigar Qarayeva çıxış edərək texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınmasından ötrü zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.

Sonra sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə olunub.

Sonda FHN-in əməkdaşları seminar–müşavirə iştirakçılarının suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR