Sumqayıtda yol polisi avtobus və taksilərdə maska taxmayan şəxslərə qarşı reyd keçirib - VİDEO - YENİLƏNİB

Sumqayıtda yol polisi avtobus və taksilərdə maska taxmayan şəxslərə qarşı reyd keçirib - VİDEO  - YENİLƏNİB
# 14 iyul 2021 14:47 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtobus və taksilərdə maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

APA-nın xəbərinə görə, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR