Tarixçi alim Fəridə Məmmədova Salyanda dəfn edilib - FOTO - VİDEO

Tarixçi alim Fəridə Məmmədova Salyanda dəfn edilib

© APA | Tarixçi alim Fəridə Məmmədova Salyanda dəfn edilib

# 08 dekabr 2021 15:36 (UTC +04:00)

Tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova Salyanda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, tarixçi alim vəsiyyətinə uyğun olaraq Salyan şəhər qəbiristanlığında torpağa tapşırılıb.

85 yaşlı F. Məmmədova uzun sürək xəstəlikdən vəfat edib. Mərhumla bu gün Bakıdakı Bibiheybət məscidində vida mərasimi keçirilib.

Qeyd edək ki, Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub. 1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub.

1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş böyük knyazlar – Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.

F.C.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir, 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

O, “Əməkdar elm xadimi” fəxri adına (1990), Respublikanın Dövlət Mükafatına layiq görülüb, “Şöhrət” (2004) ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR