Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadılıb

#
# 14:43
23 aprel 2021

COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyət nəzərə alınaraq, ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) Dövlət Miqrasiya Xidməti tərəfindən uzadılıb.

Dövlət Miqrasiya Xidmətindən APA-ya bildirilib ki, bu qəbildən olan əcnəbilərin bir qismi müxtəlif səbəblərdən qeydiyyata alındıqları ünvanda yaşamır, yeni olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozurlar.

"Bu kimi hallara yol verməmək üçün müvəqqəti olma müddəti uzadılmış və olduğu yer üzrə  ünvanını dəyişmiş əcnəbilərin 23.04.2021-ci il tarixdən etibarən 10 gün müddətində yeni olduqları yer üzrə qeydiyyat məlumatlarını  elektron qaydada və ya elana əlavə edilmiş ərizəni doldurmaqla  “ASAN xidmət” mərkəzlərinə, belə mərkəzlər olmayan yerlərdə isə regional miqrasiya idarələrinə təqdim etmələri tələb olunur.

Bildiririk ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.5-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur", - deyə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR