Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb
# 05 may 2021 10:02 (UTC +04:00)

“Hazırda COVID-19-a qarşı peyvəndin vurdurulub-vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri vaksinin tərkibinin bəlli olmadığını əsas gətirərək peyvəndləmədən imtina edirlər. Lakin maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bəlli olmayan dərmanları asanlıqla vurdursalar da, nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın baş stomatoloqu, ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri professor Nazim Pənahov bildirib.

O qeyd edib ki, əksəriyyət Google-dan əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq, bir-birlərinə peyvənd  vurdurmamaq barədə tövsiyələr verir.

Bu cür davranışı təzadlı sayan Baş stomatoloq Nazim Pənahov xatırladır ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq surətdə, mövcud olan sxem və təqvim üzrə, COVID-19-dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vurulur: “Bunun bəhrəsini də biz həyatımız boyunca həmin xəstəliklərə yoluxmamaqda görürük. Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, B hepatitinə qarşı əhali arasında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi, belə deyək, öz vəsaiti hesabına vurdurur, sonra revaksinasiya olunurlar və artıq belə xəstələr ilə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaqdan sığortalayırlar. Ancaq pandemiya başladığı gündən bəzi sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək, bəzi həmvətənlərimiz yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.

Həkim-stomatoloq pandemiya dönəmində yerə tüpürən vətəndaşlara da müraciət edib. O qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu vaksinasiya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir: “Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, lakin indiki zamanda çox qorxulu olan bir pis adət də vardır. Bu da öskürən zaman ağız boşluğuna düşən bəlğəmi birbaşa yol getdiyi zaman küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların bizim küləkli şəhərimizdə hava vasitəsilə, eləcə də həmin ərazidən keçən və ayağının altına diqqət verməyən uşaq ya böyük əhalinin ayaqqabılarına bulaşaraq evinə və ya işlədiyi müəssisəyə gətirilməsi, infeksiyanın yayılması üçün zəmin yaradır”.

Baş stomatoloq bir daha vətəndaşlara müraciət edərək onları elementar gigiyenik qaydalara riayət etməyə və peyvəndə icazə verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR