Hərbi səbəblərlə əlaqədar əlilliyinin təkrar qiymətləndirilməsi üçün bir qrup şəxsin müayinəsi aparılıb

#
# 11:04
20 aprel 2021

Hərbi səbəblərlə əlaqədar əvvəlki dövrlərdə təyin edilmiş əlillik müddəti başa çatan, yaxud əlillik sənədlərində çatışmazlıq və ziddiyyətlər olduğu aşkar edilən daha bir qrup şəxsin əlilliyinin özlərinin iştirakı ilə təkrar qiymətləndirilməsi üçün əyani müayinələri aparılıb.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən APA-ya verilən məlumata görə, əyani müayinələr aidiyyəti qurumların nümayəndələrinin təmsil olunduğu komissiya tərəfindən həyata keçirilir. Müayinələrin şəffaf və obyektiv keçirilməsi təmin olunur, videoçəkilişləri aparılır. Komissiya üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətləri institutunun nümayəndələri də müayinələrə dəvət edilir.  

Müayinəsi aparılan bir neçə şəxsin əlilliklərinin uzadılması qərara alınıb. Lakin ayrı-ayrı şəxslərin əlillik sənədlərində onların sağlamlıq durumuna münasibətdə ziddiyyətlər olduğu aşkar edilib. Habelə vaxtilə tərtib olunmuş xəstəlik diaqnozlarının və həmçinin mövcud sağlamlıq vəziyyətlərinin əlillik təyinatı üçün əsas yaratmadığı müəyyən olunub. 

Qeyd edək ki, komissiyanın fəaliyyətində ən vacib prinsip həqiqətən əlilliyi olan, haqqı çatan şəxslərə əlillik təyinatlarının aparılması, yanlış, əsassız olaraq hərbi səbəblərlə əlaqədar əlillik təyinatlarının ləğv edilməsi, hərbi səbəblərlə əlaqədar əlillik təyinatında şəffaflığın və obyektivliyin tam təmin edilməsidir.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR