Müharibə veteranlarının reyestri elektron formada aparılacaq

#
# 13:08
23 aprel 2021

Azərbaycanda müharibə veteranlarının reyestri yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparacaq. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaq.

Layihə “Veteranlar haqqında” Qanunda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR