Xəzərin Rusiya hissəsində Xəzər suitilərinin kütləvi ölümü qeydə alınıb

Xəzər suitisi

© APA | Xəzər suitisi

# 07 may 2021 13:36 (UTC +04:00)

Xəzər dənizinin Rusiya hissəsində (Dağıstan sahilində) adı “Qırmızı Kitab”a daxil edilmiş Xəzər suitilərinin kütləvi ölümü qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sahilə bir neçə kilometr yaxın ərazidə 170 Xəzər suitisinin cəsədi tapılıb: “Demək olar ki, hamısı (90%) cavan fərdlərdir, bədən uzunluğu 60-80 santimetrdən çox deyil, yəni bu suitilər təxminən iki yaşındadır. Ehtimal olunur ki, suitilərin ölüm səbəbi balıq torları ilə bağlıdır. Daha sonra onların dəriləri soyulub və yenidən dənizə atılıb”.

Qeyd olunub ki, Rusiyanın ekologiya və təbii sərvətlər naziri Aleksandr Kozlov vəziyyəti şəxsən öz nəzarətinə götürüb.

Nazirlikdən onu da bildiriblər ki, hazırda müvafiq fotoşəkillər, ölü heyvanların tapıldığı ərazinin koordinasiyası və digər faktlar sistemləşdirilir, toplanmış materiallar aidiyyəti qurumlara göndəriləcək.

Faktla əlaqədar Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikasındakı İstintaq İdarəsi prosessual yoxlama başladıb.

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla bərabər, dünyada suitilərinin ən xırda növü sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR