Elşad Xose: “İndi rep sahəsində mənimlə “Dəyirman” qalıb”

Elşad Xose: “İndi rep sahəsində mənimlə “Dəyirman” qalıb”
# 08 fevral 2007 15:42 (UTC +04:00)
Rep ifaçısı Elşad Xose fevralın 21-22-də Heydər Əliyev adına Sarayda “Hiphopnamə” adlı solo-konsert proqramı ilə çıxış edəcək. Bununla bağlı E. Xose mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, konsertin “MM Production”un təşkilatçılığı ilə həyata keçiriləcəyini və 2 saata yaxın davam edəcəyini söyləyən Elşad Xose fərqli səhnə dekoru və işıq effektlərinin nəzərə çarpacağını vurğulayıb: “Əslində keçən il konsert vermək fikrim vardı. Super səhnə dekoru hazırlanmışdı. Amma sponsor imtina etdiyindən, konsert təxirə düşdü. Nəticədə həmin səhnə dekoru Röyanın ötən il verdiyi konsertində istifadə olundu. 7 ildir səhnədə olmağıma baxmayaraq, bu, ilk solo-konsertimdir. Bundan öncə “Dəyirman”la birgə sarayda çıxış etmişəm. 6 albomum var, konsertdə onlardan ən seçmə mahnıları ifa edəcəyəm. Duet ortaqlarımla da çıxış edəcəyəm. Röya, Samirə, “Dəyirman”, Manana və Elnarə ilə duet oxuyacağam”.
E. Xose konsertində yeni imicdə görünəcək. Kamran Həsənlinin “Kontrakt” verilişini izləyənlər onun elə canlı yayımda saqqalı və uzun saçları ilə vidalaşdığını görüblər. Yeri gəlmişkən, söhbət əsnasında Elşad bu layihə ilə bağlı iradlarını bildirib: “Öncə Kamran Həsənli məni tamam başqa şərtlərlə tanış edib. Əvvəlcədən razılaşmışdıq ki, tamaşaçıların SMS-i əsasında iki variant seçiləcək və verilişin sonuna kimi həmin variantlar arasında seçim ediləcək. Tamaşaçılar “hə” və “yox” deməklə səs verməlidirlər. Amma axırda nədənsə qaydalar dəyişdi. Saç və saqqalıma görə isə heyfsilənmirəm”.
E. Xose Hüseyn Dərya ilə “Kontrakt” verilişində yanaşı görünmələrinə baxmayaraq, barışmadıqlarını da deyib: “Hüseyn Dəryanın mənim konsertimdə heç bir işi yoxdur. Onunla davamızdan xeyli vaxt keçib. O, öz üzərində işləmir, repdən uzaqlaşıb. İndi rep sahəsində mənimlə “Dəyirman” qalıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR