Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb

Azərbaycanın ornitoloji turizm imkanları tanıdılıb
# 21 aprel 2021 10:50 (UTC +04:00)

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Avropada ornitoloji (quş müşahidəsi) turizmlə məşğul olan xarici şirkətlər üçün Azərbaycanın ornitoloji turizm potensialı  tanıdılıb.

Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, aprelin 20-də keçirilən vebinarda Azərbaycanda ornitoloji turizmin inkişaf etdirilməsi imkanları, o cümlədən bu istiqamətdə əlverişli məkanlar və mövcud quş növləri haqqında məlumat verilib. Ornitoloji turizmlə maraqlanan yerli və xarici turizm şirkətləri arasında görüşlər keçirilib və fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə yanvar və fevral aylarında ornitoloji turizmə maraq göstərən yerli turizm agentlikləri və Azərbaycan Turizm Bürosunun regional nümayəndələri üçün onlayn təlim keçirilib. 

“Quşların müşahidəsinə maraqlı olan turistləri necə qonaq etmək və xidmət göstərmək” başlığı ilə keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun ornitoloji turizmi ilə bağlı planları və inkişaf strategiyası təqdim olunub.

Təlimdə İsveç ornitoloqu, turizm sahəsində uzun illər təcrübəsi olan turizm eksperti, Orta Şərq, Qafqaz və Mərkəzi Asiya Ornitoloji Cəmiyyətinin üzvü Tomas Axen Haraldson spiker kimi çıxış edib.

Təlimdə iştirakçılara, həmçinin Azərbaycanda ornitoloji turizm üzrə müşahidə ərazilərinim xəritəsi, xüsusiyyətləri, həmin ərazilərə aid quş növləri, quş müşahidəçi turistləri üçün tur proqramların nümunələri, quş müşahidəsi təqvimi və digər faydalı məlumatların daxil edildiyi broşur paylanılıb.

Qeyd edək ki, ekoturizmin cəlbedici növlərindən biri olan ornitoloji turizmin ölkəmizdə inkişaf etdirilməsi və təşviqi Azərbaycan Turizm Bürosunun prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR