Bir neçə xarici ölkənin Azərbaycandakı səfirləri cəbhə bölgəsində səfərdə olublar

Bir neçə xarici ölkənin Azərbaycandakı səfirləri cəbhə bölgəsində səfərdə olublar
# 29 oktyabr 2007 10:53 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən 9 ölkənin səfiri respublikanın qərb bölgəsinə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, iki günlük səfər çərçivəsində Çin, Litva, Fransa, Norveç, Hindistan, Belarus, İsrail, Moldovanın Azərbaycandakı səfirləri və BMT-nin rezident əlaqələndiricisi Tovuz, Qazax və Gəncə şəhərlərində olublar. Səfərin əsas məqsədlərindən biri Ermənistanla sərhəddə yerləşən kəndlərin əhalisi ilə görüşüb real vəziyyətlə yerində tanışlıq olub. Millət vəkili Qənirə Paşayeva və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi səfər Tovuz rayonundan başlanıb. Rayon mərkəzi ilə tanışlıqdan sonra diplomatlar Tovuzun Ermənistanla sərhəd olan Ağdam kəndinə gəliblər. Burada səfirlərə Erməni Silahlı Qüvvələrinin atəşkəsi tez-tez pozması, dinc əhalini atəşə tutması haqda məlumat verilib. Səfirlər ermənilər tərəfindən ərazilərin və Ağdam kəndinin neytral ərazidə qalmış qəbiristanlığının, buradakı seyid qəbrinin yandırılmasını gözləri ilə görüşlər. Səfərin ikinci günü Q. Paşayevanın təşəbbüsü ilə diplomatlar Qazax rayonunun ermənilər tərəfindən işğal edilmiş və yandırılaraq dağıdılmış Qızıl-Hacılı kəndini yaxından müşahidə ediblər. Qazaxa səfərdən sonra Gəncəyə qayıdan diplomatlar şəhərin mədəni-tarixi abidələri ilə tanış olublar. Onlar Gəncədə Şah Abbas məscidində, Cavad Xan Türbəsində, Xan bağında olublar. Diplomatlar Nizami Gəncəvinin Məqbərə kompleksinə də baş çəkiblər. Çinin ölkəmizdəki səfiri Çyan Xuiçyou səfərlə bağlı jurnalistlərə açıqlamasında gördüklərinin çox təsiredici olduğunu, bunun bu cür davam etməsinin qeyri-mümkünlüyünü bildirib: “Biz sərhədlərin bütövlüyünün tərəfdarıyıq və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İnanıram ki, həm Azərbaycan, həm də Ermənistan bu konfliktin həlli yolunu tapacaq, Azərbaycan sərhədlərinin bütövlüyünü bərpa edəcək”. Fransa səfiri Bernar dü-Şafo isə səfər zamanı çox şey gördüklərini vurğulayıb: “Biz sərhəd kəndində də olduq, ən mühümü isə Ağdam kəndində olarkən ərazilərin və qəbiristanlığın necə yandırıldığını gördük. Mən bu barədə eşitmişdim, ancaq hər şeyi öz gözlərinlə görməyin effekti başqadır. Bu müharibədir və çox acınacaqlı haldır ki, orada yaşayan insanlar öz yaxınlarının qərblərini ziyarət etmək istəsələr də, bunu edə bilmirlər”. Hindistan səfiri Muthu Kumar da sərhəddə gördüklərinin çox pis hadisə adlandırıb: “Ümid edirəm ki, bu məsələ ən yaxın zamanda həll olunacaq, bu gözəl ölkədə müharibənin nəticələri aradan qaldırılacaq”. Səfərin ilk olaraq onda xoş təəssürat yaratdığını deyən Litva səfiri Kyastutis Kudzmanas isə xoş əhval-ruhiyyənin Ağdam kəndində dəyişdiyini bildirib: “Çünki biz orada yandırılmış əraziləri, qəbiristanlığı gördük. Mən dağların, dərələrin, qəbiristanlığın yandırılmasını, əcdadlarınıza qarşı edilən bu təhqirin mənasını dərk edə bilmirəm”. Litvalı diplomat konfliktin tezliklə həllinin tapılmasının tərəfdarı olduğunu vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR