Deputat: “Beynəlxalq təşkilatlar artıq Ermənistanın azad edilmiş ərazilərdəki cinayətlərinin şahididirlər, susmamalıdırlar”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 04 oktyabr 2021 14:08 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltdı. Çox əlamətdar tarixi günlərin, şərəfli dövrün tükənməz sevinc hisslərini yaşayırıq. Keçən il bu günlərdə biz hər gün ərazilərimizin azad olunmasının xoş müjdələrini alırdıq. İnşallah, bir aydan sonra biz əzəmətli Zəfərimizin ildönümünü təntənə ilə qeyd edəcəyik”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, Azərbaycan ərazisinin 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında olub: “Ötən dövr ərzində BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçı və təcavüzkar kimi tanınmasını ehtiva edən sənədlər qəbul ediblər. Ancaq təəssüf ki, bu müddət ərzində bu təşkilatlar heç olmasa öz nüfuzları naminə bu sənədlərin icrası ilə bağlı bir dəfə də cəhd etmədilər. Nəticədə münaqişə sonda danışıqlar yolu ilə deyil, hərb-siyasi yolla öz həllini tapdı. 44 günlük müharibə müddətində işğalçı qonşu dövlət bütün beynəlxalq hüquq və humanitar normalarını da pozdu. Azərbaycan əsgəri bir dəfə də olsun mülki obyektə və ya mülki insana qarşı atəş açmadı, hətta mülki ermənilərə insani dəstək göstərdilər. Ermənistan isə Tərtər, Bərdə, Goranboy, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Naftalan, Mingəçevir, Qəbələ və digər rayonlarımızı davamlı olaraq ən ağır və qadağan olunmuş silah və bombalardan, ağır artilleriyadan atəşə tutdu, aralarında körpə, qoca və qadınların olduğu yüzlərlə mülki insanlara qarşı ağır terror və müharibə cinayətləri törətdi. Bəşəriyyət müharibə dövründə Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarı törətdiyi cinayətlərə, şəhər və kəndlərin raketlərdən atəşə tutulmasına, dinc insanların hədəfə götürülməsinə, hərbi cinayətlərə qarşı səssiz qalmamalıdır. Məsələn, təkcə Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib”.
M. İbrahimqızı qeyd edib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə beynəlxalq təşkilatların, dünyanın nüfuzlu media təmsilçiləri, ekspertlər və QHT nümayəndələri, diplomatlar səfər etdilər, təcavüzkar Ermənistanın əsil vandal, vəhşi, faşist və terrorçu mahiyyətinin şahidi oldular: ‘Azərbaycan xalqının minilliklər boyu yaratmış olduğu mədəni irsi, yaşayış məntəqələri tamamilə məhv edilib, təbii sərvətlərimiz talanıb. Eyni zamanda işğaldan azad edilmiş əraziləri ziyarət edən hər kəs bütün bəşəriyyət üçün universal dəyər olan ətraf mühitə - ekosistemə, flora və fauna sisteminə qarşı törədilən ekosid cinayətlərini gözləri ilə gördü”.
Deputat Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyevin çıxışında Ermənistanın su terrorundan da geniş bəhs etdiyini söyləyib: “Suqovuşan qəsəbəsində çox böyük strateji əhəmiyyətə malik Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək olub. Ancaq işğal dövründə düşmən bizə qarşı ekoloji terror, su terroru törətmək üçün bu su anbarından da istifadə edib. Ermənilər yay mövsümündə suyu kəsir, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalır, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunub, qətnamə qəbul edilib, Ermənistan dövləti ittiham edilib. Suqovuşan qəsəbəsinin azad edilməsi ilə Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı, bu su anbarından 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Eyni zamanda azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Ancaq Ermənistanın su terrorunu xalqımız heç zaman unutmayacaq”.
M. İbrahimqızı bildirib ki, beynəlxalq təşkilatlar erməni vəhşiliyinin nəticəsi olan bu dözülməz cinayətlərə qarşı susqunluq göstərməməlidir: “Azərbaycan dövləti işğal altında olan ərazimizdə törədilmiş cinayətlər və dəymiş ziyanla bağlı müvafiq beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaq və həllini tapana qədər bu məsələnin üzərində dayanacaq. Amma hüquq elmində “şahidlik” deyilən bir məfhum var. Əgər bir cinayətin kimsə şahididir, ona göz yumur, və ya ört basdır edirsə, bunun özü də ciddi məsuliyyətdir. Bu baxımdan erməni faşizminin bəşəriyyətin gələcəyi üçün çox ciddi təhlükə olduğunu nəzərə alaraq, dünya ictimaiyyəti də bu qlobal təhlükə ilə ardıcıl mübarizə aparmalıdır. Saxtalaşdırılmış erməni tarixi və başqa xalqlara qarşı nifrət ruhu aşılayan erməni ideologiyasının nəticəsidir ki, tarix boyu harada yaşamasından asılı olmayaraq, yaşadıqları ərazidə fitnə, milli ədavət və ağır cinayətlər törədiblər. Bu gün də bu siyasət davam edir. Buna görə yaşadığımız qloballaşan dünyada beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar gələcək üçün ciddi təhlükə və zəhərli tendensiya olan erməni faşizminin qarşısını almalıdır. Azərbaycan ictimaiyyəti, siyasətçiləri, ziyalılar bu məsələdə ardıcıl fəaliyyət göstərməli və davamlı olaraq beynəlxalq təşkilatlara məsuliyyətlərini xatırlatmalı, vəzifələrini yerinə yetirməyə çağırmalıdırlar”.
Deputat Ermənistanda Hitler faşizmini təbliğ edən Q.Nijdeyə abidə ucaldıldığını, erməni uşaqları və gənclərin bu abidəni ziyarət aparıldığını da xatırladıb: ‘Heç də sirr deyil ki, dünyanın bir sıra ölkələrində neoerməni faşizmi formasında daha aqressiv yeni cərəyanlar fəaliyyət göstərir və bu gələcəkdə ermənilərin yaşadıqları ölkələr üçün də ciddi təhlükəlidir. Onlar ASALA kimi erməni terror təşkilatlarından müxtəlif tapşırıqlar alaraq, cinayətlər törədirlər. Erməni ideoloqları öz xalqlarının beynini elə zəhərləyib ki, bu, sağalmaz psixoloji xəstəlik vəziyyətinə gətirib çıxarıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı bir daha erməni faşizminin baş qaldırmasına imkan verməyəcək. Lakin sadə erməni xalqının bu zəhərli və irsi xəstəlikdən xilas edilməsində beynəlxalq təşkilatların da konkret işlər görməyə kifayət qədər imkanları var. Ən başlıcası isə əgər bugün erməni xalqının həqiqi mənada sağlam düşüncəli ziyalıları və ya öndə gedənləri varsa, onlar öz xalqlarının bu tarixi bəladan qurtuluşu naminə fədakarlıq edərək ,ciddi təbliğat aparmalı, qonşularına qarşı formalaşdırılmış tarixi düşmənçiliyə son verilməlidirlər. Əlbəttə, bu, elə də asan deyil. Çünki erməni xalqından və Ermənistan dövlətindən də güclü erməni diasporu var. Erməni diasporu da anlamalıdır ki, Azərbaycana və Türkiyəyə qarşı bu saxta tarix, əsassız düşmənçilik və ərazi iddiaları erməni xalqını ancaq uçuruma və fəlakətə düçar edə bilər. Onlar anlamalıdır ki, önlərində gündən günə daha da güclənən Azərbaycan və Türkiyə var. Erməni xalqının gələcək taleyi də bu iki güclü qardaş ölkədən asılıdır. Bugün Azərbaycan erməni xalqının gələcəyi ilə bağlı tarixi fürsət yaradıb, Ermənistana konstruktiv əməkdaşlıq və səmimi qonşuluq təklif edir. Bugün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı böyük humanizm və yüksək diplomatik mədəniyyət göstərərək, danışıqlar masasında qalib və məğlub tərəf kimi deyil, Cənubi Qafqazın iki qonşu dövlətinin rəhbərləri kimi oturmağı təklif edir. Belə yüksək humanizm bəlkə də dünyada ilk dəfədir. Azərbaycan Prezidenti İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də bir daha postmüharibə danışıqlarında Ermənistanın Baş naziri ilə qalib tərəf kimi deyil, humanist lider kimi diplomatik danışıqlara hazır olduğunu bəyan etdi. Bununla da məğlub düşmənə ən yüksək diplomatik nəzakət göstərməklə, dünyaya humanist lider obrazını nümayiş etdirdi. Erməni xalqı bu fürsəti qaçırsa, tarix bir daha onlara acımayacaq. Bu, onların son şansıdır. Erməni xalqı anlamalıdır ki, otuz illik işğal dövründə onlar heç nə qazanmadılar, əksinə, səfalət, yoxsulluq, işsizlik və ölkədən miqrasiya reallığı ilə üzləşdilər. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra onların da gələcəkdə sülh, əmin-amanlıq və inkişaf mühitində yaşamaları üçün unikal imkanlar yaranıb. Bu mənada qarşıda gözlənilən sülh danışıqlarının uğurla başa çatmasında onlar fəal və prinsipial mövqe göstərməlidirlər. Çünki bu proseslər sadə erməni xalqının taleyində həlledici bir fürsətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR