Milli Məclisin sədri NATO Baş katibinin xüsusi nümayəndəsini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova, NATO Baş katibinin  Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüş

# 18 oktyabr 2021 19:24 (UTC +04:00)

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya veriln məlumata görə, Milli Məclisin sədri Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak etdiyini söyləyib.
Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, təşkilatla sıx əməkdaşlıq mövcuddur, Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında iştirak edir.
Milli Məclisin sədri görüşdə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan regionda sülh və əmin-amanlığın bərpa olunmasını istəyir, Ermənistan isə yenə təxribatlara əl atmaqda davam edir. 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib və bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Söhbətdə Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən NATO Baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Milli Məclisin sədrinə "Müstəqilliyin bərpası günü" münasibəti ilə təbriklərini çatdırıb, ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. O, bildirib ki, pandemiya səbəbindən səfərlərin həyata keçirilməsində çətinliklər yaransa da, onun regiona bu səfəri NATO Baş katibinin tapşırığı ilə həyata keçirilir. Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində iştirakına görə təşəkkür edən qonaq təşkilata assosiativ üzv olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb. O, Azərbaycanla təmsil etdiyi qurum arasında münasibətləri yüksək dəyərləndirib.
Görüşdə Milli Məclisin NATO PA-da nümayəndə heyətinin başçısı, parlamentin komitə sədri Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR