MM-in komitə sədri: “İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər Azərbaycanın haqlı tərəf olduğunu təsdiqlədi”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 21 oktyabr 2021 17:04 (UTC +04:00)

“Hazırda İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər Azərbaycanın haqlı tərəf olduğunu bir daha təsdiq etdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Z. Əsgərov deyib ki, Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan etmişdi və öz mövqeyində qəti olduğunu bir daha nümayiş etdirdi: “Azərbaycan haqlı olaraq İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb etmişdi. Bu məqsədlə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərilmiş, sonra nota təqdim olunmuş, sonda isə bu vasitələr nəticə vermədiyinə və İran tərəfindən məhəl qoyulmadığına görə, zəruri tədbirlər görülmüşdü”.
Parlamentin komitə sədri qeyd edib ki, İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayətinin imzaladığı qərara əsasən, artıq İran yük maşınlarının Laçın dəhlizindən keçməklə Qarabağa getməsini qadağan edib. Təşkilat İran Xarici İşlər Nazirliyinin 9 oktyabr 2021-ci il tarixli direktivinə əsaslanaraq İran beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayıb. Qərarda bildirilir ki, İran vətəndaşları və sürücülərin Azərbaycan ərazisi olan Qarabağ və Laçın dəhlizinə girişi qadağan edilir: “Qərarda qeyd olunur ki, Azərbaycan ərazi bütövlüyünə hörmət olaraq qeyd olunan hallar Ermənistan ərazisindən Qarabağa gedişə cəhd edən İran vətəndaşlarının istisnasız olaraq hamısına aiddir. Qətiyyətlə tövsiyə olunur ki, iranlı sürücülər və İran vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə hörmət olaraq, xoşagəlməz hallarla üzləşməmək üçün Ermənistan ərazisindən Laçın dəhlizindən keçməklə Qarabağa səfər etməsinlər. Qərarda İranın özəl yükdaşıma şirkətlərinə də təkidlə tövsiyə olunur ki, yük maşınlarına Qarabağa səfər etmək üçün sənəd verilməsi qanuna ziddir. Beləliklə, İranın aidiyyəti orqanlarının həmkarlar ittifaqlarına, şirkətlərə müvafiq tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi Azərbaycanın haqlı tələblərinin icra olunduğunu bir daha nümayiş etdirdi. Azərbaycan bir daha sübut etdi ki, heç kim onunla diktat və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz. Nə İrandan gələn hədələr, nə də keçirilmiş hərbi təlimlər Azərbaycanı qorxutmadı, ölkəmiz bütün müstəvilərdə hər bir təzyiq və təpki cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nümayiş etdirdi”.
Z. Əsgərov vurğulayıb ki, Azərbaycan həm də humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb. Bundan əvvəl isə Azərbaycan İrana münasibətdə növbəti humanist addımı çərçivəsində Naxçıvan Muxtar Respublikasının penitensiar müəssisəsində cəza çəkən iki İran vətəndaşı ölkəsinə təhvil verilib: “Bu aspektdə bir məqama da diqqət çəkmək istəyirəm. Cərəyan edən proseslər həm də Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan şəxslərin, təşkilatların, formalaşmış şəbəkənin ifşa olunmasını şərtləndirdi. Bir daha göründü ki, bəzi şəxslər, qurumlar hər an Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, ölkəmizi istəməyən xarici qüvvələrlə işbirliyinə getməyə, öz xalqına və vətəninə qarşı çıxış etməyə hazırdırlar. Belələrinin davamlı ifşa olunması, onların barəsində tədbirlər görülməsi zəruridir. Digər tərəfdən, İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik həm də Ermənistana böyük zərbə oldu. Ermənistan üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, milli maraqlara hesablanmış siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR