Peter Mixalko: “Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq güclənəcək”

Peter Mixalko

© APA | Peter Mixalko

# 21 oktyabr 2021 15:45 (UTC +04:00)

“Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq güclənəcək”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Dənizkənarı Milli Parkda təşkil olunmuş “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərginin bağlanış mərasimində deyib.

O, Aİ-nin Azərbaycandakı fəaliyyətinə dair nümunələri təqdim etməkdən məmnun olduğunu bildirib: “Bugünkü foto-sərgidə Aİ-nin Azərbaycandakı fəaliyyətinin, gördüyü işlərin kiçik qismini təqdim edirik. Mən gələcəkdə bu cür fəaliyyətlərdə uğura imza atacağıma inanıram. Aİ və Azərbaycan arasındakı əlaqələr çeşidli və müxtəlifdir, hökumət qurumları və vətəndaş cəmiyyətinin əlaqələrinə əsaslanır.

Foto-sərgidə müxtəlif layihələri əhatə edən 100-dən çox foto var. Hər bir fotonun arxasında bizim əməkdaşların, tərəfdaşlarımızın, benefisiarların zəhməti dayanır. Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə əməkdaşlıq üçün təşəkkür edirəm.

Aİ tərəfindən Azərbaycanda həyata keçirilən 50-dən çox tvinninq layihəsi yaxşı idarəçiliyə, xidmətlərin yaxşılaşdırılmasına xidmət edib”.

P. Mixalko qeyd edib ki, 10-a yaxın şəhər və rayonda 50-dək məktəbəqədər təhsil qurumu qurulub, müəllimlər üçün təlimlər təşkil olunub: “750-dən çox qadın idarəçilikdə iştirakla bağlı təlimlərdə iştirak edib. Layihələr çərçivəsində Azərbaycanda ilk dəfə mediasiya şurası təşkil etmişik. Bu təşəbbüs çərçivəsində 294 iştirakçı təlimlərdə iştirak edib, 29 mediasiya təlimçisi təlimlərə qatılıb. Aİ olaraq ölkədə hüquqi yardım, korrupsiya ilə mübarizəni təşviq edirik, bu istiqamətdə layihələr reallaşdırırıq. Azərbaycanda həssas qrupdan olan 6700-dən çox vətəndaş təmənnasız hüquqi yardımla təmin olunub”.

Diplomat Aİ-nin COVID-19-la mübarizədə də Azərbaycana dəstək verdiyini vurğulayıb: “Bu yolla əməkdaşlığımızı gücləndirməyi hədəfləyirik. ÜST-lə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda 25-dən çox xəstəxanaya ləvazimatlar verilib, 2900-dan çox səhiyyə işçisi üçün təlimlər təşkil olunub. Azərbaycana yarım milyon doza peyvənd təqdim edilib”.

Aİ səfirinin sözlərinə görə, post-münaqişə dövründə regiona (Azərbaycan və Ermənistan) humanitar yardım məqsədilə 16.9 milyon avro vəsait ayrılıb ki, bunun da 9.1 milyon avrosu Azərbaycanın payına düşür: “Münaqişədən sonra isə BMT vasitəsilə humanitar minatəmizləmə prosesi üçün 2.5 milyon avro vəsait ayırıb. Ötən il münaqişənin nəticələri ilə üzləşmiş Azərbaycanın 10 rayonuna 450 000 avro humanitar dəstək göstərilib”.

O, yaxın gələcəkdə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanla əməkdaşlının daha da güclənəcəyini, bunun üçün müxtəlif mexanizmlərdən istifadə olunacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR