Sədr: "Bosniya və Herseqovina Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır"

Sahibə Qafarova Bakir İzetbeqoviçlə görüşüb

© APA | Sahibə Qafarova Bakir İzetbeqoviçlə görüşüb

# 09 iyun 2021 18:35 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qonaq Milli Məclisin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Sonra tərəflər arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin səviyyəsindən razılıq bildirilib, bir çox sahələri əhatə edən əməkdaşlığımızın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında qonağa məlumat verib.

Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib.

Spiker qonağın diqqətinə çatdırıb ki, Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir. Belə ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir. S. Qafarova, iyunun 4-də 3 nəfər azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, əlavə edib ki, onlardan ikisi jurnalistdir. Milli Məclisin sədri həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.

Bakir İzetbeqoviç 2012-ci ildə Bakıda səfərdə olduğunu xatırladaraq, bu illər ərzində ölkəmizin dinamik inkişaf etdiyini söyləyib. Qonaq daha sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkəmiz bununla da ədaləti bərpa edib. Bakir İzetbeqoviç deyib ki, ölkəmizə rəsmi səfəri çərçivəsində dünən Ağdam şəhərinə səfər edib. O, şəhərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb və ümid etdiyini bildirib ki, ölkəmizə növbəti səfərində Ağdamın tamamilə yenidən qurulduğunun şahidi olacaq.

O, həmçinin ölkəsində görülən işlər barədə də Milli Məclisin Sədrinə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR