Prezident: “Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”

Prezident: “Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”
# 29 oktyabr 2020 02:23 (UTC +04:00)

“Böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir”.

Azərbaycan Prezidenti, həmçinin, diqqətə çatdırıb ki, Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir: “Lakin biz, əlbəttə, onların hamısını müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək”.

Dövlət başçısı əlavə edib ki, bizim göstərdiyimiz kadrlardan da görünür ki, orada bircə ev də qalmayıb: “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox böyük xərclər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumi daxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək”.

Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dəymiş ziyan hesablanacaq: “Mən artıq komanda vermişəm, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılmasına dair təlimatlar vermişəm. Cəmi bir neçə gün bundan əvvəl bu cür tapşırıq verilib. Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 50 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin, başa düşürsünüzmü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR