Türkiyənin keçmiş xarici işlər naziri: “Beynəlxalq qüvvələrin İraqda xilafət dövləti yaradılmasına icazə verəcəyinə inanmıram” - MÜSAHİBƏ

Türkiyənin keçmiş xarici işlər naziri: “Beynəlxalq  qüvvələrin  İraqda xilafət dövləti yaradılmasına icazə verəcəyinə inanmıram”  - <span style="color: red;">MÜSAHİBƏ
# 16 iyun 2014 09:13 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. AKP-nin qurucu üzvü, 57-ci Abdulla Gül hökumətinin xarici işlər naziri, TBMM Avropa Birliyi ahəng komissiyasının keçmiş sədri, Orta Şərq məsələləri üzrə Türkiyənin ən təcrübəli diplomatlarından biri olan Yaşar Yakış bölgədə cərəyan edən prosesləri APA-ya şərh edib

- 2011-ci ilin fevralında Liviyadakı hadisələri agentliyimizə şərh edərkən terrorun Orta Şərqə yayılaraq Türkiyəyə də böyük sıxıntılar yarada biləcəyinə dair xəbərdarlığınız olmuşdu. Gəlinən nöqtədə proqnozlarınızın doğru çıxdığını görürük. İndiki durumu necə şərh edirsiniz?

- O vaxt dediklərimin yanlış çıxmasını arzu edərdim, amma düz çıxdı. İŞİD-lə bağlı hər şeyi Türkiyə hökumətinə yükləmək lazım deyil. Hər şeydən əvvəl İŞİD beynəlxalq konyukturanın yaratdığı bir təşkilatdır, daha doğrusu, 2004-cü ildə ABŞ-ın İraqı istilasına qarşı iraqlı ünsürlərin qurduğu bir qurumdur. O vaxt “Tövhid və Cihad” adı altında yaradılan təşkilat zaman içində adını dəyişdirərək “İraq İslam Dövləti” oldu. Daha sonra Suriyada da əlverişli zəmin yaranınca “İraq-Şam İslam Dövləti” adını aldı. Bunu Türkiyə yaratmayıb. Əgər “Türkiyənin göz yummasından istifadə edərək güclənibmi?” - deyə soruşsanız, bəli, bundan faydalanıb. Türkiyə bütün güc və diqqətini Suriyadakı BAAS rejiminin yıxılmasına yönəltdiyinə görə, ondan kənarda qalan təşkilatları eyni dərəcədə diqqətlə izləyə bilməyib ki, bu müddət içində də İŞİD qol-qanad açıb. Bəzən Türkiyənin İŞİD-i dəstəkləməsinə dair iddialar söylənir, bizim hökumətimiz bunu təkzib edir. Mən bu dövlətə 40 il xidmət etmiş bir məmur kimi dövlətimin dediyinə inanıram. Amma İŞİD-in Türkiyənin göz yumması nəticəsində güclənməsinə dair gerçəyi də qəbul edirəm. İŞİD güclənsin deyə Türkiyə ona yardım etməyib, proseslərin İŞİD-i bu nöqtəyə gətirdiyinə inanıram. Suriyadakı müxalifətə Türkiyə üzərindən silah göndərildiyinə dair iddiaları hökumətimiz qəbul etmədi, amma belə bir təsəvvür var, silah daşıyan maşınların nömrələrini verərək bunu izah edənlər var. Türkiyə üzərindən göndərilən o silahlar müxalifətə çatandan sonra müxaliflərin bir qismi İŞİD-in tərəfinə keçibsə, o silahların bir qismi İŞİD-in əlinə keçə bilər. Digər tərəfdən, İŞİD Türkiyənin daha əvvəl əlaqədə olduğu Suriya müxalifətinə basqın edərək o silahları almış ola bilər. Ancaq bütün bunlar dövlətimizin İŞİD-lə əməkdaşlıq etdiyini göstərmir.

- 1970-80-ci illərdə ASALA terror təşkilatının türk diplomatlarını şəhid etməsindən sonra Türkiyənin xaricdəki diplomatik missiyalarına və nümayəndələrinə qarşı 3 aksiya olduğunu xatırlayıram: 1993-cü ilin iyulunda PKK terror təşkilatının Türkiyənin Bern səfirliyinə silahlı basqın təşəbbüsü, 1994-cü ilin noyabrında Türkiyənin Afinadakı səfirliyinin məsləhətçisi Haluk Sipahioğlunun terrorçular tərəfindən şəhid edilməsi və 2006-cı ilin yayında Bağdada gedən 6 XİN əməkdaşının Telafər yaxınlığında şəhid edilməsi. Türkiyənin xaricdəki missiyasından 49 nəfərin girov götürüldüyünü isə ilk dəfə gördük. İŞİD bu hərəkətiylə nə etmək, Türkiyəyə hansı mesajı vermək istəyir? Niyə Türkiyənin Musuldakı Baş Konsulluğunun heyəti oradan vaxtında çıxarılmayıb?

- Görə bildiyim qədər, İraqda güc qazanmaq üçün İŞİD bəzi yerləri işğal edir. Xarici işlər nazirliyimiz də bunu görürdü, ona görə baş konsulumuza oranı tərk etmək üçün təlimat verib. Ancaq hörmətli baş konsulumuz “Burada içəri bayırdan daha təhlükəsizdir” - deyə məlumat göndərib. Ona görə də İŞİD-in Musuldakı Baş Konsulluğumuzu ələ keçirməsi sadəcə Türkiyə üçün deyil, bölgə ilə maraqlanan hər kəs üçün sürpriz gəlişmədir. Təxmin etdiyimə görə, hörmətli baş konsul İŞİD-in Türkiyə ilə işi olmayacağını düşünərək belə bir dəyərləndirmə yapıb. Onun yerində mən olsaydım, bəlkə mən də eyni şəkildə düşünərdim. Xarici işlər nazirliyimizin konsulluğun boşaldılmasına dair verdiyi təlimat doğrudur, baş konsulun “içəri bayırdan daha təhlükəsizdir” - dəyərləndirməsi də doğrudur. Bu durumlarda aldığınız riskin sizə nə verib nə aldığını düzgün görmək lazımdır. Bəlkə başqa cür hərəkət edilsəydi, diplomatik heyətimizə hücum ola bilərdi. Mən Baş Konsulluq heyətimizin sağ-salamat Türkiyəyə qayıdacağına inanıram. İŞİD bu işdə Türkiyədən müəyyən şeylər almaq istəyə bilər, əgər belə bir durum varsa və verilə bilərsə, baş konsulluğumuzun heyətinə hər hansı bir xələl gəlməməsi üçün onları da vermək lazımdır. Dövlət qurumlarımızın bununla bağlı ən düzgün qərarı qəbul edəcəyinə inanıram.

- Bu prosesdə Kərkükün Şimali İraqdakı peşmərgələrin nəzarətinə keçdiyi bildirilir. Elə isə bir vaxtlar Kərkük Türkiyənin “qırmızı çizgi”si idi, 2007-ci ildən bəri orada referendum keçirilməsini daima əngəlləyirdi. Yaranmış vəziyyətdə Türkiyə Kərkükü itirdimi?

- Hər dəfə istər Suriyada, istərsə də İraqda ara qarışanda bundan ən qazanclı çıxan kürdlər olur. Bu məsələlərdə kürdlər çox təşkilatlı şəkildə hərəkət edərək bir addım qabağa keçiblər. Anladığm qədər, İŞİD-in adamları da bölgədə kürdlərlə savaşa girəcəkləri durumda nə qazanıb nə itirəcəklərinin hesabını yapıblar. Kərkük kürdlərin çox önəm verdiyi bir yer olduğuna görə İŞİD o biri yerləri ovcuna düşən yetişmiş meyvə kimi görüb, Kərkükün isə hələ yetişmədiyini görərək oranı peşmərgələrin nəzarətinə buraxıb.

- Yaxşı, yaranmış vəziyyətdə Kərküklə bağlı sıxıntılı durum meydana çıxarsa, Türkiyə hansı addımı atar? Çünki bir vaxtların “qırmızı çizgi”sindən söhbət gedir...

- Türkiyə “qırmızı çızgı” deyərkən oradakı türkmən mənşəli vətəndaşların durumunu nəzərdə tuturdu. Gələcəkdə orada necə bir çərçivə yaranacağını bilmirik. Əgər o çərçivə türkmən mənşəli vətəndaşlarımızı təmin edərsə, Türkiyə onu qəbul edə bilər. Əgər orada sərt bir şəriət dövləti yaranarsa, türkmən soydaşlarımız bundan zərər görər. İnşallah, proseslər oraya varmaz. İŞİD-in elan etdiyi ilk qərarlara görə, qadınların küçəyə yanlarında kişi olmadan çıxmaları qadağan edilib və ya oğurluq edənlərin əllərinin kəsilməsi əmr edilib. Bunun nə qədər davam edəcəyini indidən müəyyənləşdirə bilmirik. Beynəlxalq qüvvələrin də bölgədə belə bir strukturun meydana çıxmasına asanlıqla icazə verməyəcəyini düşünürəm. Bu parametrlər bəlli olmadan indidən türkmən soydaşlarımızın mənafeyini zədələyə biləcək addımlar atılmasına tərəfdar deyiləm.

- Söhbətin əvvəlində “beynəlxalq konyuktura” məsələsinə toxundunuz. İŞİD sıralarında bir çox ölkədən, o cümlədən, Azərbaycandan və Avropa ölkələrindən terrorçular olduğunu görürük. Bir terror təşkilatı beynəlxalq miqyasda necə təşkilatlana bilir?

- Bu terror təşkilatının əcdadına qədər getsək, “Əl-Qaidə” terror təşkilatını görürük. Bilirik ki, “Əl-Qaidə” Əfqanıstanda amerikalılar tərəfindən Sovet İttifaqına qarşı yaradılmış bir təşkilat idi, vaxt keçdikcə Qərbin öz dəyərlərinə qarşı çıxan bir terror təşkilatına çevrildi. ABŞ-ın İraqı işğal etməsindən sonra “Əl-Qaidə”nin” İraqdakı təşkilatı kimi meydana çıxan “Tovhid və cihad” təşkilatının bu gün ad dəyişdirərək bölgə üçün necə təhlükə yaratdığını görürük. ABŞ-ın nəzarətində qurulmuş bir təşkilat daha sonra nəzarətdən çıxıb. Terror təşkilatını yaradandan bir müddət sonra onun liderini aradan götürmək çox böyük problemlərin yaranmasına səbəb olur, təşkilat 3-4 yerə parçalanır, hər birinin öz lideri çıxır, bəlkə də öldürülən liderdən daha fanatik olan liderlər peyda olur. Hal-hazırda “cihad yapmaq” məqsədiylə ortaya çıxan təşkilatlar o qədər irəliyə gediblər ki, məsələn, “Əl-Nusra” və İŞİD bir-biriylə savaşır. Terror təşkilatı fəaliyyətə başlayandan sonra onun haraya varacağını proqnozlaşdırmaq çox çətindir. İŞİD-in vardığı nöqtə bunu açıq-aşkar göstərməkdədir.

- Suriyanın Hələb şəhərində Türkiyənin baş konsulu olmusunuz, o bölgələri də çox yaxşı bilirsiniz. Suriyada cərəyan edən prosesləri və seçkidən sonra gəlinən nöqtəni necə dəyərləndirirsiniz?

- “Ərəb baharı” Suriyaya da yayılandan sonra oradakı diktaturanın xalqa zülm etdiyini bilən Türkiyə düzgün addım ataraq əzilən xalqı dəstəkləyib. Bu davranışın doğru olduğuna inanıram. O vaxt Türkiyə Qərb ilə birlikdə hərəkət edirdi. Sonradan müxalifətə verilən silahların fərqli əllərə keçdiyini görən Qərb tormoza basdı və Türkiyə oyundan kənar vəziyyətə düşdü. Bu durumda Türkiyə yeni bir analiz yapıb getdiyi yolu düzəltməkdə gecikdi. Bir gəminin kapitanı şturvalı bir nöqtədə sabitləyib yola o şəkildə davam etsə, gəmi onun istədiyi yerə getməz. Küləyin və dalğaların təsiriylə gəmi yol dəyişdirə bilər, kapitanın gəmini düzgün yola yönləndirməsi lazımdır. Suriyada Türkiyənin iradəsindən kənar və təsir göstərə bilməyəcəyi gəlişmələr oldu, ona görə Türkiyə deməliydi ki, mənim siyasətim Əsədin qısa müddətdə iqtidardan getməsi üzərində qurulmuşdu, ancaq Əsəd getmədi, ona görə mən indi köhnə siyasətimdən vaz keçirəm. Bunu desəydi, düz iş görərdi. Bu, bir ərdəmdir. Məncə, Türkiyə bunu etməlidir, bunu etməməsi düzgün yoldan getməyən gəminin şturvalına hələ də toxunmamaq mənasını daşıyacaq. O vaxt gəmi istədiyiniz limana yox, başqa limana gedər. Türkiyənin bu duruma düşməməsi lazımdır.

- 18 noyabr 2002-ci ildə Abdulla Gül hökuməti qurulan kimi Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzvlük müzakirələrinin başlaması üçün ərizə verərək Avropanı “mühasirəyə aldınız”. Məclisdə AB ilə ahəng komissiyasının sədri olanda da bu istiqamətdə çox zəhmət çəkdiyinizi bilirik. Ancaq 12 iyun 2011-ci ildəki seçkidən sonra Türkiyə ilə AB arasında mübahisə və münaqişə atmosferi yarandı ki, bu gün də davam edir. Bunun səbəbi nədir? Türkiyə AB kriteriyalarından tamamilə uzaqlaşaraq bir Orta Şərq ölkəsi olma yolundadırmı?

- Əsl səbəbkarın AB olduğunu və Türkiyədə də AB-yə həvəsin azaldığını görürük. Türkiyədə demokratikləşmə prosesinin yavaşladığı, bəzi nöqtələrdə isə geriyə gedildiyinə dair AB-də bir təsəvvür yaranıb. Digər tərəfdən, Türkiyə nə qədər islahat etsə də, AB-yə tam hüquqlu üzv ola bilməyəcəyini, həmişə yeni əngəllər yaradılacağını düşündüyünə görə, belə bir vəziyyət yaranıb. Məsələn, Kipr məsələsi bunlardan biridir. Elə isə Kipr məsələsi Türkiyənin AB-yə üzv olması üçün əngəl deyildir və olmamalıdır. Əgər AB ölkələrində, xüsusilə, Almaniya və Fransada Türkiyəni AB-yə qəbul etmə istiqamətində bir iradə olsa, Kiprin rum tərəfinin qolunu bükərlər və Türkiyəni AB-yə qəbul edərlər. Yəni, 500 milyon əhalisi olan Avropa, 700 min əhalisi olan Kiprin rum kəsimi tərəfindən girov saxlanmasına göz yummaz. Əgər belə bir iradə yoxdursa, Türkiyə Kiprdəki bütün haqlarından vaz keçsə də, yenə AB-yə girə bilməyəcək. Əslində Kipr Türkiyənin AB-yə girə bilməməsinin gerçək səbəbi deyil, bəzi ölkələrin arxasında gizləndiyi bir bəhanədir. Türkiyə bu səmimiyyətsizliyi gördüyü üçün, bir növ, aldadılmış olduğunu düşünür və AB-dən bunun düzəldilməsini istəyir.

- Qafqazı və Azərbaycanı da yaxından izləyən bir diplomat və siyasətçisiniz. Azərbaycan torpaqlarının uzun müddətdən bəri Ermənistanın işğalı altında olduğunu bilirsiniz. Ermənilər işğalın gündəmdə qalmasını əngəlləmək üçün Türkiyəyə qarşı “soyqırım böhtanları”nı gündəmdə saxlamağa çalışır. 2015-ə doğru gedən yolda “soyqırım” böhtanlarının şiddətləndirildiyini görməkdəyik. Bununla bağlı hansı işləri görmək lazımdır?

- 2015-ci ilə taxılıb qalmamaq lazımdır. 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılanda mən Türkiyə XİN icra aparatı rəhbərinin müavini idim. Arkadaşlarıma dedim ki, Minsk Qrupu Dağlıq Qarabağ məsələsini həll etmək üçün deyil, həll etməmək üçün yaradılan qrupdur. Üzvlərinə baxaraq bunu demişdim. Rusiyanın Ermənistandakı hərbi varlığı və mənafeyi mövcud olduğu müddətcə və Rusiya o qrupun üzvü kimi qalmağa davam etdikcə problem də davam edəcək. Rusiya öz gündəminə başqa “dondurulmuş münaqişələr” də əlavə etdi. Ermənilər ruslardan üz görməsələr, başqa ölkənin torpağını bu qədər işğal altında saxlaya bilməzlər. Türkiyə “açılım” üçün bir addım ataraq Sürix protokollarını imzaladı, ancaq ermənilər o protokolları da rədd etdi. Bu işin həlli Azərbaycanın daha da güclənməsinə bağlıdır. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu bilirəm. Belə bir durumda Ermənistan daima Rusiyanın gücünə arxayın olaraq haraya qədər gedə bilər? Mən hər keçən günün ermənilərin əleyhinə cərəyan etdiyinə inanıram. Azərbaycanın hərbi gücü hər keçən gün daha da artacaq. Azərbaycanın savaş yapma gücü artacaqdır və azərbaycanlı qardaşlarımız keçmişdə edə biləcəkləri güzəştlərə artıq getməyəcəklər. Ermənistan bunları düşünərək hərəkət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR