Əli Kərimlinin oğlunun hansı maddə ilə ittiham olunduğu açıqlanıb

Əli Kərimlinin oğlunun hansı maddə ilə ittiham olunduğu açıqlanıb
# 23 sentyabr 2013 12:40 (UTC +04:00)

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Türkel Kərimli və onunla birgə saxlanılan digər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilib.

Həmin maddə ilə təqsirləndirilən fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törәdәnin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin oğlunun saxlanılmasına da aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib: “Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.

O. Mansurzadə, həmçinin qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub: “Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR