Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısı keçirilir

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısı keçirilir
# 29 oktyabr 2013 12:55 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 25-ci sessiyası başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, “Avropada iqtisadi böhran zamanı yerli və regional hakimiyyət orqanlarının cavabı” devizi altında keçirilən və iki gün davam edəcək Konqresin payız sessiyasında əsasən iqtisadi böhran vəziyyətinə və sosial birləşmə sahəsindəki hədəflərə yerli və regional səviyyədə mümkün cavablar axtarılacaq. Bu məsələ ətrafında Avropa bələdiyyələrində miqrantların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların regional əmək birjalarında iştiraklarının təmin edilə bilməsi və iqtisadi böhran kontekstində Avropada regionlaşma və desentralizasiya (mərkəzi hakimiyyətdən ayrılma) kimi müxtəlif müzakirələrin aparılacağı gözlənilir.

Bu məsələ ilə əlaqədar Avropa Şurası Parlament Assambleyası və Yerli və Regional Hakimiyyətlər Konqresinin sədrləri “İqtisadi böhranla üzləşmə: hökumətin bütün səviyyələri arasında gücləndirilmiş əməkdaşlığın vacibliyi” adlı birgə bəyanat imzalayıblar. Bundan başqa, sessiya zamanı Avropa Şurasına üzv olan 47 ölkənin qoşulduğu yerli muxtariyyətə dair Avropa Xartiyası da müzakirə ediləcək. Bu beynəlxalq sənəd Konqresin Avropada yerli demokratiyanın vəziyyətinin dəyərləndirilməsi sahəsində əsas sütunu hesab olunur. Toplantıda İrlandiya, Macarıstan, Ukrayna, Albaniya və Danimarka ilə bağlı monitorinq hesabatları dinləniləcək. Habelə “Avropada sərhədyanı ölkələrin səmərəli əməkdaşlığı perspektivləri”, “Avropada xüsusi statusa malik region və ərazilər”, “Yerli və regional səviyyədə siyasi ekstremizmə qarşı mübarizə” kimi məsələlər də əsas müzakirə mövzularından biri olacaq.

Konqresin bu sessiyasının plenar iclaslarının gündəliyində Azərbaycana dair hər hansı bir məsələ salınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR