Azərbaycanda yeni qaydalarla verilmiş ünvanlar bu ilin sonundan qüvvəyə minəcək

Azərbaycanda yeni qaydalarla verilmiş ünvanlar bu ilin sonundan qüvvəyə minəcək
# 14 may 2013 15:53 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə (ƏMDK) verilən məlumata görə, bu ilin əvvəlindən etibarən ƏMDK tərəfindən respublikanın şəhər və rayonları üzrə yeni qaydalara uyğun şəkildə binaların girişlərinə ünvan verilməsi prinsipi əsasında ünvanların müəyyən edilməsi işlərinə başlanılıb: «Bu tədbirlər Azərbaycan prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Yeni qaydalar beynəlxalq təcrübəyə və Avropa şəhərlərində tətbiq edilən qaydalara uyğun hazırlanıb. Azərbaycanda tətbiq edilən bu yanaşma MDB regionunda ünvanla bağlı müasir tələblərə uyğun tətbiq edilən ilk təcrübədir».

Yeni qaydalarla tətbiq edilən ünvan sistemi üç ardıcıl mərhələ üzrə həyata keçirilir. İlkin mərhələdə ƏMDK Norveç Kadastr Təşkilatının maliyyə dəstəyi ilə beynəlxalq məsləhətçilərin və koreyalı mütəxəssislərin köməkliyi ilə Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemini hazırlayıb. İkinci mərhələ yeni qaydalara əsasən ünvanların verilməsi və hazırda mövcud ünvanların yeni qaydalara uyğunlaşdırılmasıdır. Sonuncu mərhələ isə müasir dizaynlı ünvan lövhələrinin istehsalı və binalarda quraşdırılmasından ibarətdir.

Komitədən bildirilib ki, yeni ünvan sistemi ölkə üzrə ünvan məlumatlarının etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malikdir. Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilib. Sistem həm də məkan məlumatları, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək.

Komitə tərəfindən müasir dizaynlı yeni ünvan lövhələrinin istehsalına və quraşdırılmasına da başlanılıb. Bu məqsədlə ƏMDK tərəfindən Cənubi Koreyanın müvafiq şirkətini cəlb etməklə ünvan lövhələrinin dizaynı hazırlanıb. Artıq Koreyada istehsal olunmuş lövhələrin ilkin partiyası ölkəyə gətirilib. Paralel olaraq ünvan lövhələrinin Azərbaycanda istehsalının təşkili məqsədilə Cənubi Koreya şirkəti ilə komitə arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, yerli istehsal zavodunun qurulmasına dair texniki spesifikasiyalar, hüquqi və maliyyə məsələləri müzakirə edilir.

Qeyd edək ki, Bakı şəhəri üzrə 1500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaq. Yaxın zamanlarda bu lövhələrin Gəncə və Sumqayıt şəhərlərində vurulması işlərinə başlanacaq. Respublikanın digər şəhər və rayonlarında bu işlərin həyata keçirilməsi məqsədilə hazırlıq işləri aparılır.

Komitədən bildirilib ki, binalara yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir: «Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etmək imkanı yaradacaq. Həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi problemi aradan qalxacaq».

Komitə ölkə vətəndaşlarının və təşkilatların diqqətinə çatdırır ki, yeni qaydalara uyğun verilmiş ünvanlar ünvanvermə işləri küçə və prospektlərdə mərhələlərlə başa çatdırıldıqdan və yeni məlumatlar Ünvan Reyestrinin İnformasiya Sisteminə daxil edildikdən sonra qüvvəyə minəcək: «Bu barədə ƏMDK tərəfindən aidiyyəti dövlət orqanlarına, mülkiyyətçilərə və ünvan istifadəçilərinə müvafiq qaydada məlumatlar çatdırılacaq».

İlkin mərhələdə əhatə olunan ərazilər üzrə nəzərdə tutulan tədbirlərin və məlumatların verilməsinin 2013-cü ilin sonunadək başa çatdırılması planlaşdırılıb: «Həmin müddətədək vətəndaşlar, qurumlar, bələdiyyələr yeni ünvanlardan deyil, hazırda mövcud olan ünvan məlumatlarından istifadə edəcəklər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR