Milli komandamız sabah Estoniya ilə yoldaşlıq görüşü keçirəcək

Milli komandamız sabah Estoniya ilə yoldaşlıq görüşü keçirəcək
# 14 noyabr 2013 09:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi başa çatandan sonra ilk görüşünə çıxacaq komandamız Estoniya ilə üz-üzə gələcək.


Talllinndəki yoxlama matçı Berti Foqtsun yetirmələrinin 2013-cü ildə avropalılarla son sınağı olacaq. Belə ki, yığmamızın bu il üçün nəzərdə tutulan son qarşılaşması Asiya təmsilçisi Qırğızıstanla Bişkekdə keçiriləcək.

Bu ilin sonunda müqaviləsi başa çatacaq almaniyalı mütəxəssis üçün də Estoniyadakı görüş millimizin “sükanı arxasında” avropalılarla son duel ola bilər. Təbii ki, DÇ-2014-ün seçmə mərhələsindəki rekordlarla zəngin uğurlu çıxışdan sonra onunla müqavilə uzadılmasa.

Tallinndə baş tutacaq matça hər iki komanda itkilərlə çıxacaq. Əsas kapitan Rəşad Sadıqovsuz səfərə yollanan millimizdə bu funksiya Mahir Şükürova həvalə olunacaq. Kapitan kimi, Əfran İsmayılovla Rəşad Sadiqov da Estoniyaya aparılmır. Lakin Sadıqovdan fərqli, onların heç biri yığma üçün aparıcı futbolçu sayılmır. Daha bir ciddi itki isə əməliyyat olunan Kamran Ağayevdir. Əsas qapıçımızın yoxluğu da yığma üçün ciddi itki sayılır.

Meydan sahibləri də millimiz önünə itkilərlə çıxacaq. Baş məşqçi Tarmo Ruutli bir sıra aparıcı oyunçularının zədəli olması üzündən çətinliklə üz-üzə qalıb. Belə vəziyyətdə bəzi gəncləri də yığmaya cəlb edən mütəxəssis Sander Puri kimi təcrübəlinin də xidmətindən məhrumdur.

Kapitanı və “1 nömrə”si olmayan Foqtsun yetirmələri Estoniya önünə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Belə ki, ardıcıl 6 görüşdür uduzmayan komandamız bu rəqəmi 7-yə çatdırsa, futbol tariximizdə görünməmiş nailiyyətə imza atacaq.

Yoldaşlıq oyunu
20:45. ESTONİYA – AZƏRBAYCAN
Baş hakim: Aleksey Nikolayev (Rusiya)
Baş hakimin köməkçiləri: Oleq Tselovalnikov, Vitali Drozdov (hər ikisi - Rusiya)
Dördüncü hakim: Silver Koiv (Estoniya)
Tallinn. "A. Le Coq Arena" stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR