Əli Həsənov: “Son 20 ildə ABŞ QHT-ləri tərəfindən Azərbaycana 450 milyon dollar yardım edilib”

Əli Həsənov: “Son 20 ildə ABŞ QHT-ləri tərəfindən Azərbaycana 450 milyon dollar yardım edilib”
# 20 sentyabr 2013 10:46 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ötən gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun məsul əməkdaşları ilə görüşündə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, bunun 450 milyon dolları ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən edilən yardımlar olub. Münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan vətəndaşlarına ən böyük yardımı ABŞ-ın qeyri-hökumət təşkilatları göstərib.

Görüşdə komitə sədri Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri barədə məlumat verib və 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

Səfir R.Morninqstar, Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun qaçqın məsələləri üzrə regional əlaqələndiricisi Coşua Fişeli, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan, səfirliyin hərbi əməkdaşlıq idarəsinin nümayəndəsi Bob Piters Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Rəsmi Vaşinqtonun qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaqlar bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR