Azərbaycanla İran arasında iqtisadi məsləhətləşmələr olub

Azərbaycanla İran arasında iqtisadi məsləhətləşmələr olub
# 02 may 2014 06:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Milli İnkişaf Fondunun sədr müavini Seyid Qasem Hüseyni ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş. Mustafayev bu yaxınlarda Azərbaycan prezidentinin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, iki qonşu ölkə arasında enerji, nəqliyyat, meliorasiya, qarşılıqlı investisiya qoyuluşu, ticarət, maliyyə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Ş. Mustafayev komissiyanın növbəti iclasının keçirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib, komissiyanın iclası çərçivəsində müxtəlif görüşlərin və biznes forumun keçirilməsinin iş adamlarının əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İranın Milli İnkişaf Fondu barədə məlumat verən Fondun sədr müavini Q. Hüseyni Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını, Fondun Azərbaycanda bir sıra sahələr üzrə layihələrin icrasında iştirak edə biləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR