MONEYVAL Azərbaycan üzrə növbəti qiymətləndirmə hesabatı hazırlayır - FOTO

MONEYVAL Azərbaycan üzrə növbəti qiymətləndirmə hesabatı hazırlayır - <span style="color: red;">FOTO
# 26 iyun 2013 12:03 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, hesabatda Avropada çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə dair geniş qiymətləndirmə analizi əks olunub. Təşkilat hesabatında son zamanlar dəyərləndirmə prosesində olan üzv ölkələrdə gözə çarpan irəliləyişlərin olduğunu bildirib, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı sahələrdə yeni qanun layihələrinin qəbulunu və hüquqi islahatların aparılmasını yüksək dəyərləndirərək, ölkələrin öz texniki uyğunluqlarını geniş şəkildə yaxşılaşdıraraq, onların beynəlxalq normalara uyğunlaşdırıldığını bildirib. Bununla belə, MONEYVAL özünün bir neçə əsas tövsiyələrini də hesabatda qeyd edib.

Təşkilat üzv ölkələrdəki məhkəmə, polis və təhlükəsizlik xidmət sistemlərini daha da səmərəli mübarizə aparmağa və çirkli pulların yuyulması məsələlərində əmlakın müsadirə edilməsi kimi cəzalandırıcı ölçüləri artıraraq, bu əməllərə qarşı çəkindirici effekt yaratmağa çağırır. Hesabata görə, Avropada mütəşəkkil cinayətkarlıq şəbəkələrinin üçdə bir hissəsinin yuduğu çirkli pulların üstü açılmır və onlar cəzasız qalırlar.

Hesabatda Azərbaycandakı vəziyyət də yer alıb. Qurum Azərbaycan da daxil olmaqla, altı ölkə üzrə üçüncü mərhələnin sonunda qiymətləndirmə aparıb. Bu qiymətləndirməyə əsasən, altı ölkə - Azərbaycan, Xorvatiya, Gürcüstan, Moldova, keçmiş Yuqoslaviya respublikası Makedoniya və Ukraynada durumun güclənmiş uyğunluq proseduru səviyyəsindən aşağı düşdüyü, müəyyən boşluqların olduğu qeyd edilib.

Bununla bağlı, qurumun prezidenti bu ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini bu boşluqları uyğun bir vaxtda aradan qaldırmağa çağırıb. Azərbaycan üzrə qeydə alınmış boşluqlar əsasən şirkətlərin, korporasiyaların cinayət məsuliyyəti daşımamaları, habelə, xüsusi qeyd olunmuş cinayətlər kateqoriyasına qarşı əmlakın müsadirə edilməməsindən ibarətdir. Bu iki boşluğun böyük bir hissəsinin Cinayət Məcəlləsinə əlavə olunan protokolla həll olunduğu da bildirilir. Bu iki problemlə bağlı digər kiçik məsələlər təşkilatın 2014-cü ildə Azərbaycana edəcəkləri səfəri ərzində müzakirə olunacaq.

Bu gün Avropa Şurasında MONEYVAL-ın illik hesabatının təqdimatında jurnalistlərə qurumun işləri barədə məlumat verən təşkilatın icraçı katibi Jon Rinqut Azərbaycanla bir neçə il əməkdaşlıq etdiklərini söyləyib: “Azərbaycanda nəzərəçarpacaq irəliləyişlər baş verib. Azərbaycanda olan problemlərlə bağlı gələn il ölkəyə edəcəyimiz səfər ərzində müzakirə aparacağıq. Bundan başqa, biz gələn il Azərbaycanla bağlı növbəti qiymətləndirmə hesabatımızı hazırlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR