TQDK: Ümumtəhsil müəssisələrinin böyük qismində tədris normal aparılmır

TQDK: Ümumtəhsil müəssisələrinin böyük qismində tədris normal aparılmır
# 28 yanvar 2014 08:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı bildirib ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 40.43, ədəbiyyatdan 42.37, riyaziyyatdan I, II qruplarda 24.70, III, IV qruplarda 24.39, fizikadan 27.82, kimyadan 27.64, biologiyadan 30.14, tarixdən 36.35, Azərbaycan tarixindən 32.92, coğrafiyadan 33.95, ingilis dilindən I qrupda 26.44, II, III qruplarda 32.80 faizinə düzgün cavab verib.

Onun sözlərinə görə, rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 46.20, ədəbiyyatdan 48.59, riyaziyyatdan I, II qruplarda 28.89, III, IV qruplarda 28.55, fizikadan 33.46, kimyadan 33.51, biologiyadan 36.93, tarixdən 32.84, Azərbaycan tarixindən 30.41, coğrafiyadan 35.18, ingilis dilindən I qrupda 43.16, II, III qruplarda 49.59 faizini düzgün cavablandırıb: “Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 24-50 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 50-76 faizini mənimsəmir. Bu isə ümumtəhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməmələrindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.

TQDK sədri qeyd edib ki, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və ingilis dili, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Rus bölməsində isə ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat, IV qrupda fizika və kimya fənləri üzrə olub. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsinin abituriyentlərinin riyaziyyat və fizika fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər, əsasən, test tapşırıqlarının 23-28 faizinə düzgün cavab verir, 30-50 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə isə ən böyük fərq Azərbaycan tarixi fənni üzrə olub. Belə ki, 2013-cü il Azərbaycan tarixi fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 39.19%-dən 32.92%-ə qədər aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR