San Fransiskoda Azərbaycana dair tədbir keçirilib - FOTOSESSİYA

San Fransiskoda Azərbaycana dair tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 04 fevral 2014 04:10 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika” mövzusuda çıxış edib.

Tədbir sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins (Jeffrey Collins) tərəfindən idarə olunub. C.Kolins, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərqlə-Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirib. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləyib, bunun ölkənin dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətli olduğunu göstərib. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhvələrdən danışan sabiq diplomat Azərbaycanın regionda açar dövlət olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusilə vurğulayıb. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 000-dən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək tezliklə tərəflər arasında sülhün yaranacağına ümidini ifadə edib.

Daha sonra çıxış edən E.Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda tarixən dini və etnik tolerantlılığın olduğundan danışan azərbaycanlı diplomat bugün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirib. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, ölkə rəhbərliyinin yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirib. O, əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin hazırda prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Belə ki, ötən ilin 17 dekabr tarixində Avropa üçün tarixi əhəmiyyətə malik “Şah Dəniz -2” layihəsi üzrə Yekun İnvestisiya Qərarı imzalanıb. Səfir bunun Xəzər hövzəsindən – Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirib. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizinin keçdiyi ölkələrdə 30 000-dən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə xəbər verən səfir Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə danışıb .

Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğurunda mübarizənin gücləndiyini və bu müstəqilliyin heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ölkəmizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləyib.

Qeyd edək ki, Qlobal Məsələlər Şurası (World Affairs Council) 1947-ci ildə Şimali Kaliforniyada yaradılmış aparıcı araşdırma mərkəzlərindəndir. İndiyədək mərkəzin əsas qonaqları sırasında bir sıra ölkələrin dövlət və hökumət başçıları olublar. Təşkilat San Fransisko şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR