Hafiz Məmmədov: “Bu uşaqlar Azərbaycanın adını yüksəklərə daşıyacaqlar”

Hafiz Məmmədov: “Bu uşaqlar Azərbaycanın adını yüksəklərə daşıyacaqlar”
# 01 noyabr 2013 12:24 (UTC +04:00)

Bakı – APA. “Bu tədbir birgə layihənin gələcəyinə dəstək verir. “Bakı”ya və Azərbaycana təşəkkür edirəm. Futbol sayəsində ölkələrarası əlaqə daha da güclənir, möhkəmlənir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletiko” klubunun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilio Qutyerres deyib.

“Bakı”nın 5 futbolçusunun Madrid təmsilçisinin düşərgəsinə yollanmasına həsr olunan mətbuat konfransında çıxış edən qonaq bildirib ki, “Atletiko” bu məsələləri daha da inkişaf etdirməsinə köməkliyini göstərəcək: “Sizin nəinki futbol, hətta mədəniyyəti haqqında bilikləriniz olmalıdır. Mükəmməl təcrübə keçəcəksiniz. Akademiyanın ən güclü komandaları ilə məşq edib, güclənəcəksiniz. Elit komandanın necə inkişaf edəcəyini öyrənəcəksiniz. “Atletiko”dakı hər bir gəncin fikri əsas komandaya düşməkdir. Sizə də bunu arzu edirəm. Hamısı bu səviyyəyə gəlib çıxa bilmir. Hər cür rəqabətə, mübarizəyə hazır olmalı və əlinizdən gələni etməlisiniz ki, ölkənizi layiqincə təmsil edəsiniz. Orada nəinki məşq edəcəksiniz, dili öyrənəcək, gəzintilərə, “Visente Kalderon” stadionunda əsas komandanın oyunlarını izləyəcəksiniz. Arzu edirəm ki, bu layihənin sonunda hansı təcrübəni keçdiyinizi öyrəndiyinizə dair bir tədbir keçirək”.

“Bakı”nın prezidenti Hafiz Məmmədov bildirib ki, bu işləri dövlət başçısının dəstəyi olmadan həyata keçirmək mümkün deyildi. O, aparılan işlərə az da olsa, köməyinin dəyməsi üçün çalışdıqlarını bildirib: “Rəhbərliyin, dövlətimizin dəstəyi ilə bu uğurlara çatırıq. Azad Rəhimov şəxsən bu layihənin bünövrəsində durur. AFFA prezidenti Rövnəq Abdullayev də bizə dəstək verib. “Atletiko”ya da təşəkkürümüzü bildiririk. Bu klub da Azərbaycana yaxşı dəstək verib. O uşaqlara dedim ki, ulu öndərin əsgərisiniz. Bu uşaqlar inşallah, Azərbaycanın adını yüksəklərə daşıyacaqlar. Onlar Azərbaycanın Avropa meydanında bayrağını hər zaman ucaldacaqlar. “Atletiko” ilə bir elit klub kimi əməkdaşlıq qürurdur, onların təcrübəsindən faydalanmaq gərəklidir. “Lans” da elit, çox köklü klubdur. Uşaqlar həmin kluba da təcrübə keçməyə göndəriləcəklər. Biz təkcə “Bakı”nın oyunçularını deyil, bütün azərbaycanlı futbolçuları göndərməyə hazırıq, maliyyə dəstəyi verməyə hazırıq. Əgər digər klublarımızda da varsa, versinlər. Arzum var ki, Avropa meydanlarında azərbaycanlı gənclər bütün komandalarda çıxış etsinlər. Mən buna inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR