Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

 Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 18 sentyabr 2013 15:21 (UTC +04:00)

Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, bu qurumun Serbiyada yeni təyin olunmuş nümayəndəsi Mişel Saint-Lot və Azərbaycanda uşaq hüquqlarının müdafiəsi proqramının yeni rəhbəri Ramiz Behbudovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

müvəkkil uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində müvafiq dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlar, o cümlədən UNİCEF-lə sıx əlaqələrin yaradıldığını, adı çəkilən beynəlxalq qurumla əməkdaşlıqda bu sahədə bir çox uğurlu işlərin görüldüyünü vurğulayıb.

Müvəkkilin Avropa Şurasının 2008-ci il 17 noyabr tarixində ölkəmiz tərəfindən imzalanan Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Konvensiyasının ratifikasiya edilməsinin sürətləndirilməsi, habelə Yuvenal ədliyyə ilə əlaqədar qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar Milli Məclisə müraciət etdiyi bildirilib. Həmçinin Ombudsman təsisatı tərəfindən hazırlanmış “Cismani cəza haqqında” qanun layihəsinin Parlamentə təqdim olunduğu diqqətə çatdırılıb.

Müvəkkil uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlandığını və müxtəlif qurumlara, o cümlədən BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim olunduğunu bildirib, respublikanın ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin dəstəyi ilə uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris layihəsi və Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəaliyyəti barədə danışıb.

M. Herevard Müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində səmərəli fəaliyyətini yüksək dəyərləndirib, təmsil etdiyi qurumun növbəti illərdə də Ombudsman təsisatı ilə əməkdaşlığının davamlı olacağını bildirib.

O, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən mövcud sosial xidmətlərlə bağlı ehtiyacların öyrənilməsi üzrə sorğuların keçiriləcəyini söyləyib, internat müəssisələrində çalışan işçi heyətinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. M. Herevard əlilliyi olan şəxslərlə bağlı Fəaliyyət Planı hazırlandığını və təqdim edildiyini vurğulayıb.

Mişel Saint-Lot müvəkkilin və təsisatın fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətində Ombudsmanın uşaq hüquqları sahəsində müsbət təcrübəsindən, xüsusilə uşaq hüquqları üzrə pilləli tədris layihəsi, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzinin fəaliyyətindən faydalanacağını bildirib və bu sahədə hazırlanmış nəşrlərin ona verilməsini xahiş edib.

Qonaqlara təsisatda uşaq hüquqları üzrə hazırlanmış nəşrlər təqdim olunub.

E. Süleymanova və M. Herevard uşaqların hüquqlarının müdafiəsi naminə birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR