Bakıda Sığorta Agentlərinin Milli Forumu keçirilir

Bakıda Sığorta Agentlərinin Milli Forumu keçirilir
# 11 dekabr 2013 08:00 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu dəfə Forumun əsas mövzusu 2014-cü ildə Azərbaycan sığorta bazarında və sığorta agentlərinin fəaliyyətində baş verəcək keyfiyyət dəyişiklikləridir. Belə ki, agentlərin bilik səviyyəsinin yüksəldilməsi, maarifləndirilməsi, satış texnologiya və texnikalarının təkmilləşdirilməsi, daha keyfiyyətli satış üsullarından istifadə və s. aktual məsələlərə diqqət yetiriləcək.


Tədbirin açılış mərasimində çıxış edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin müdiri Mahir Abdullayev Azərbaycanda sığorta agentlik sahəsində cari vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, hazırda 800 sığorta agentinə müvafiq lisenziya verilib ki, bunlardan 52-si hüquqi, 748-i isə fiziki şəxslərdir. Həmçinin bildirilib ki, son iki ildə hüquqi şəxs olan agentlərin sayı təxminən 5 dəfə, fiziki şəxs agentlərin sayı isə təxminən 7 dəfə artıb. Bu fakt həmin sahibkarlıq növünə marağın son zamanlar kəskin artması kimi qiymətləndirilib.

M.Abdullayev həmçinin öz çıxışında sığorta agentlərinin fəaliyyətində qanunvericilikdən kənar əməllər, yolverilməz hallar, bu hərəkətlərə görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyəti barədə geniş məlum verib. O cümlədən, lisenziyanın geri alınması, dayandırılması, ləğv edilməsi, inzibati və cinayət cəzalarını nəzərdə tutan hərəkətlər barədə danışıb.

Şöbə müdiri bəyan edib ki, nöqsanlara görə lisenziyası ləğv edilmiş sığorta agenti bir daha lisenziya ala bilməz. Digər misal kimi o, son zamanlar ölkədə sub-agent fəaliyyətinin genişləndiyini bildirib və bunun qanunsuz olduğunu, buna görə müvafiq cəzanın nəzərdə tutulduğunu qeyd edib.


Ümumilikdə, Forumun gündəliyi sığorta agentlərinin fəaliyyətində hazırkı vəziyyət və problemlərdən başqa agentlər tərəfindən yol verilən bəzi mənfi halların, o cümlədən dələduzluq hallarının müzakirə edilməsini nəzərdə tutur.


Bundan başqa M.Abdullayev hazırda parlamentdə baxılmaqda olan «Sığorta fəaliyyəti haqında» qanuna bəzi əlavə və dəyişiklikləri diqqətə çatdırıb. Şöbə müdiri bildirib ki, bu dəyişikliklərə uyğun olaraq, sığorta agentlərin lisenziyaları yenə də müddətsiz saxlansa da, hər üç ildən bir attestasiyanın keçirilməsi nəzərdə tutulur.


Qeyd edək ki, Forum Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR