İctimai Palatanın iclasında AXCP və Müsavat üzvləri bir-birlərinə qarşı ittihamlar səsləndiriblər

İctimai Palatanın iclasında AXCP və Müsavat üzvləri bir-birlərinə qarşı ittihamlar səsləndiriblər
# 13 aprel 2013 12:31 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) sessiyası keçirilib.

APA-nın məlumatına görə, sessiyanın gündəliyi təsdiq olunduqdan sonra İP KŞ üzvü, Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı mart ayı üçün dönəm rəhbəri olaraq hesabat xarakterli çıxış edib.

Q. Muxtarlı deyib ki, son bir ayda İP KŞ-da kütləvi aksiyalarla bağlı müzakirələr aparılıb, mitinqlərlə bağlı səhvlərin təkrarlanmaması üçün hazırlığa qərar verilib.

Toplantıda seçkilərlə bağlı İP-nin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair konkret qərar qəbul olunması təklif edilib. AXCP sədri Əli Kərimli isə bu məsələyə münasibət bildirərək, deyib ki, ötən ilin dekabrında İP-nin həmin məsələ ilə bağlı qərarı var və qurum hələlik bunu dəyişmək niyyətində deyil.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışında seçki kampaniyasında müxalifətin və iqtidarın imkanlarını xarakterizə edib.

Toplantıda partiyaların birgə qərar verməsi, vahid platformada birləşməsi məsələsi mübahisələrə səbəb olub. Çıxış edənlərin bəzisi birliyi real hesab etsə də, əksəriyyət belə birliyə ehtiyac görmədiyini deyib.

AXCP Gənclər Birliyinin sədri Əbülfəz Qurbanlı bildirib ki, İP siyasi dəyişikliyə nail olan addım ata bilməyib: “Tarixə düşmək üçün İsa bəyin namizədliyini dəstəkləyənlər İctimai Palatadan, AXCP-dən güclüdür? Müsavatçı dostlar məndən inciməsin. Sonra xalq kimə güvənəcək. Müxalifətin namizədi müəyyənləşməlidir. Gəlin son aksiyalarda cərimə olunanların siyahısına baxaq. Səmimi olaq, əksəriyyəti AXCP, digərləri isə yeni qoşulan gənclərdir. 3300 manat cərimə qalıb və onlar cəbhəçilərdir. İnsanlar bu problemlərlə mitinqə çıxmayacaqlar. Bu cərimələrin ödənilməsinə kömək edin”.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı bildirib ki, təmsil olunduğu partiya müttəfiq olduğu AXCP-nin seçkilərə gedib-getməməsini bilmirsə, hansı şəkildə vahid namizəd məsələsi müəyyənləşə bilər? O, AXCP-nin aksiyalarda daha aktiv iştirak etməsi haqda adıçəkilən partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının iradları ilə razılaşmadığını da qeyd edib.

İclasda İP üzvləri arasında seçki keçirilərək, namizəd müəyyənləşdirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR