Azərbaycan Ombudsmanı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Ombudsmanı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
# 28 mart 2013 09:54 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda iki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə soyqırımı həyata keçirdikləri, insan hüquqlarının kobudcasına, kütləvi surətdə pozulduğu vurğulanıb: “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər.

Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kənd yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetirmiş, 53 nəfər isə yaralanıb”.

Ombudsmanın bəyanatında daha sonra bildirilib ki, Ermənistan indi də dünyanın nadir ölkələrindəndir ki, terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib.

Bəyanatda beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırılır: “Ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəklər”.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR