Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçiriləcək

Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçiriləcək
# 23 aprel 2013 16:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Aprelin 26-29-da Beynəlxalq Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq Forumu” keçiriləcək.

APA-nın məlumatına görə, forumun təşkilatçısı olan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov bildirib ki, Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfədir keçilir.

Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Əsas məqsəd müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.

F.Muradovun sözlərinə görə, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq: “Bu, son illərdə ölkənin ədəbi mühitində hadisə olacaq. Avropa ölkələrindən tutmuş Afrikaya qədər ölkələrdə yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkə formalaşdıracaqlar”.

Deputat qeyd edib ki, Forum zamanı gənc şairələr müxtəlif mövzularda müzakirələrdə, ədəbi diskussiyalarda iştirak edəcək, şeirlər söyləyəcəklər: “Azərbaycanın ədəbi gəncliyini bu foruma dəvət edirik. Ümid edirəm ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasına öz töhfələrini verəcək”.

F.Muradov Forumun təşkilində göstərdiyi köməyə və dəstəyə görə şairə Günel Anarqızına və xalq artisti Fəxrəddin Manafova minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR