Nazir: «Azərbaycan 2020-ci ilədək kənd təsərrüfatı istehsalını 2 dəfə artıracaq»

Nazir: «Azərbaycan 2020-ci ilədək kənd təsərrüfatı istehsalını 2 dəfə artıracaq»
# 25 aprel 2013 10:57 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bəyan edib.

İ.Abasovun sözlərinə görə, kənd təsərrüfatında əsas məhsul istehsalının ikinci və üçüncü rüblərə təsadüf etməsinə baxmayaraq, bu ilin ilk rübündə artım 4,4% təşkil edib. Qeyd edək ki, ötən ilin nəticələrinə görə, bu göstərici 6,2% olub.

Eyni zamanda nazirin fikrincə, Azərbaycanın kənd təsərrüfatında bir neçə il ərzində 2 dəfəlik artıma nail olmaq üçün yetərincə imkan və potensial mövcuddur. Bu, həm bitkiçilik, həm də heyvandarlığa aiddir. Bitkiçiliyə, xüsusən də taxıl sahəsinə gəldikdə, nazir bəyan edib ki, əgər Azərbaycanda taxılın məhsuldarlığı hazırkı 1 hektar üzrə 25-26 sentnerdən 35 sentnerə qaldırmaq mümkün olsa, o halda Azərbaycan taxıla olan tələbatını tam özü ödəyə biləcək. Heyvandarlıq sahəsində hazırda əsas diqqət damazlıq cins mal-qaranın ölkəyə gətirilməsi və onun sayının artırılmasına yetirilir ki, həmin işlər bu sahədə artımın əsası olacaq. İ.Abasov bildirib ki, bu gün ölkədə mal-qaranın sayı kifayət qədərdir, lakin burada cinsli heyvanların hələlik az olması səbəbindən həm ətçilik, həm südçülük sahəsində istehsal potensialdan kəskin aşağıdır.

İ.Abasovun sözlərinə görə, bütün bu məsələlər aprelin 10-da Nazirlər Kabinetinə təqdim olunmuş kənd təsərrüfatının inkişaf strategiyasının layihəsində əksini tapıb. Nazir bildirib ki, hazırda 2008-2015-ci illəri əhatə edən müvafiq strategiya qüvvədədir və yeni strategiya 2020-ci ilə qədər olan dövrü əhatə edəcək. Yekun nəticə olaraq, həmin strategiyaya uyğun, ölkədə kənd təsərrüfatının 2020-ci ilə qədər 2 dəfə artırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR