Macarıstanın üç rəsmi nümayəndə heyəti Azərbaycana gələcək

Macarıstanın üç rəsmi nümayəndə heyəti Azərbaycana gələcək
# 15 fevral 2013 13:57 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Mart ayında Macarıstanın üç rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu barədə APA-ya Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.


Səfirlikdən bildirilib ki, martın 11-14-də Macarıstanın kənd inkişafı naziri Dyula Budayın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. Səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının kənd təsərrüfatı üzrə alt komitəsinin ilk görüşündə iştirak etməkdir. Nümayəndə heyətinə həmçinin Macarıstanın bir sıra biznesmeni də daxil olacaq.


Həmçinin, martın 15-17-də isə Macarıstanın milli iqtisadiyyat və nəqliyyat naziri Pal Völnerin Azərbaycana səfəri gözlənilir. Yaxın gələcəkdə isə Macarıstanın iqtisadi inkişaf naziri Nemet Laslonenin Azərbaycana səfəri planlaşdırılır.


Səfirlikdən həmçinin bildiriblər ki, bu səfərlər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə təşkil olunur və rəsmi Budapeştin Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır: «Həmçinin, Macarıstan Avropa üçün çox mühüm əhəmiyyət kəsb edən «Nabucco West» layihəsində çox maraqlıdır və Azərbaycanın dəstəyinə ümid edir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR