Təhsil Nazirliyi: Məktəblilərin fənn olimpiadalarının I və II turlarında seçim qeyri-obyektiv aparılıb

Təhsil Nazirliyi: Məktəblilərin fənn olimpiadalarının I və II turlarında seçim qeyri-obyektiv aparılıb
# 16 may 2012 13:28 (UTC +04:00)
APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanovun məktəblilərin 2011/2012-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə imzaladığı əmrdə bildirilib.
Məlumata əsasən, fənn olimpiadalarının yekun turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinin, Şəki, İsmayıllı, Tovuz, Şəmkir, Zaqatala, Qazax, Şamaxı, Cəlilabad, Quba, Hacıqabul, Siyəzən, Qax, Ucar, Ağdaş, Qəbələ, Abşeron, Yardımlı, Kürdəmir, İmişli, Beyləqan, Balakən, Göygöl, Salyan, Füzuli, Masallı, Lerik, Samux, Tərtər rayonlarından olan şagirdlər daha çox fərqlənib, mükafata layiq yerləri tutublar. Qaliblərin sayı baxımından “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri üstünlük təşkil ediblər. Həmin liseylərin 31 nəfər şagirdi I-IV yerlərə, o cümlədən 10 nəfər I, 8 nəfər II, 6 nəfər III, 7 nəfər IV yerə layiq görülüb.

Fənn olimpiadalarının təşkili və keçirilməsində bir sıra rayonlarda səhlənkar yanaşma hallarına da yol verildiyi aşkarlanıb. Ağcabədi, Daşkəsən, Beyləqan, Qazax, Abşeron, Cəbrayıl, Xızı, Şabran, Sabirabad, Zəngilan, Ağstafa, Füzuli rayonlarından fizika və kimya fənlərindən, Samux, Gədəbəy, Ağdam, Qusar, Bərdə rayonlarından fizikadan, Xaçmaz, Neftçala, Qobustan, Göygöl, Salyan rayonlarından kimyadan, Cəbrayıl, Zərdab, Göygöl, Daşkəsən rayonlarından riyaziyyatdan, Şabran, Qubadlı rayonlarından riyaziyyat və biologiyadan, Laçın rayonundan biologiyadan olimpiadanın yekun turunda bir nəfər də iştirakçı olmayıb. Kəlbəcər və Xocavənd rayonlarının hər birindən isə yalnız 1 nəfər iştirak edib. İnformatika fənni üzrə olimpiadanın yekun turunda Gəncə, Şirvan, Naftalan şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonları istisna olunmaqla digər rayonlardan iştirakçı olmayıb. Ağsu, Ağdam, Qobustan, Daşkəsən, Qubadlı, Kəlbəcər rayonlarından bir nəfər olsun belə mükafata layiq yer tutmayıb. I və II rayon (şəhər) turlarında seçim qeyri-obyektiv aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR